Son zamanlar ciddi müzakirə obyekti olan Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi bu yaxınlarda müdafiə naziri Serj Sarkisyanın "İki dövlət arasında sərhədlər mütləq açılacaq" bəyanatı ilə yenidən gündəmə gəlib. 1992-ci ildən Ermənstanın Azərbaycana qarşı apardığı işğalçı müharibəyə etiraz olaraq bu dövlətlə sərhədlərini bağlayan Türkiyə Avropa Birliyi, Birləşmiş Ştatlar və erməni diasporunun təzyiqlərinə baxmayaraq, mövqeyini dəyişmir. Lakin son vaxtların iqtisadi-siyasi prosesləri və Türkiyənin Avropaya inteqrasiyası yolunda ciddi maneə olan sərhədlərin açılması məsələsində rəsmi Ankaranın güzəştə getməsi ehtimal olunur.

Erməni diasporunun və Ermənistanın sərhədləri açmaq istiqamətində apardıqları işi Türkiyədə dəstəkləyənlər də az deyil. İş adamları və ictimai-siyasi xadimlərdən ibarət olan bu şəxslər XXI əsrin İpək Yolu layihəsini Türkiyənin başına qonan "dövlət quşu" hesab edirlər. XXI əsrdə Türkiyənin Avropa və Asiyada reallaşdırılan enerji kəmərlərinə ev sahibliyi etməsini əsas götürən bu şəxslər Şərqlə Qərb arasında koridoru olmaq üçün Ermənistanla sərhədləri açılmasının "vacibliyini" vurğulayırlar. Hələ 1996-cı ilin 26 oktyabrında Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə ABŞ-ın dövlət katibinin müşaviri Stroub Telbotun görüşünü təşkil edən bu şəxslər Dəmirəlin Ermənistanla sərhədlərin açılmasına razılıq verməsinə nail olublar. Sonradan siyasi məqsədlərin önə çıxması iqtisadi maraqların kölgədə qalmasına gətirib çıxarıb.
Türkiyənin Ermənistana yönəlik ticari münasibətinin 75 milyon dollarla ölçüldüyünü irəli sürən bu şəxslər sərhədlərin açılacağı təqdirdə məbləğin iki-üç qat artacağını iddia edirlər. Ermənistana İran və Gürcüstan vasitəsilə mal aparan türk iş adamları hər dəfə 3 min dollar itirdiklərindən şikayət edərək Qars-İrəvan, Qars, Gümrü və İqdırdakı Alican sərhəd qapısının təcili olaraq açılmasını tələb edirlər. Onlar sərhədlər açılandan sonra Türkiyənin turizm və ticarət sahəsində 1 milyard dollar gəlir götürəcəyini bildirirlər. Bununla Ermənistanın iqtisadi cəhətdən Türkiyədən müəyyən qədər asılı vəziyyətə düşməsini irəli sürən bu dairədə təmsil olunanlar eyni zamanda türk kapitalının gücünün erməniləri idarə etmək iqtidarına malik olacağını iddia edirlər.
Bu iddialarla paralel olaraq siyasi xadimlərin bəziləri sərhədlər açılacağı təqdirdə bölgədə Rusiyanın nüfuzunun azalması məsələsinə toxunmaqla bu ilin yanvarında Türkiyə ilə yaxın bölgədə inşa edilən atom zavodunun neytrallaşdırılacağını bildirirlər. 2001-ci ilin mayında Rusiya-Ermənistanla birgə hava təlimlərinin Türkiyə sərhədləri yaxınlığında aparılması və bölgədə S-300 V tipli uzaqvuran ballistik paketlərin yerləşdirilməsini əsas kimi göstərənlərin fikrincə, Ermənistanla sərhədləri açmaqla Türkiyə gələcək "təhlükədən" yaxa qurtara bilər.
Onlar Türkiyənin Avropa Birliyinə üzvlüyünə Ermənistanla sərhədlər məsələsinin maneə olduğunu bildirməklə, birliyə inteqrasiya istiqamətində onlara qarşı olan dövlətlərin güzəştə getməməsinin başlıca səbəbini bunda görürlər. Xatırladaq ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməsinə qarşı çıxış edən ermənipərəst Fransa bəhanə kimi Türkiyənin başqa mədəniyyətə, başqa yaşam tərzinə və başqa inanca malik olmasını göstərir. Nüfuzlu "Washington Times" qəzetinə müsahibə verən Fransanın keçmiş prezidenti Valeri Jiskar Destyenə görə, Türkiyənin Ermənistanla sərhədləri açması onun Avropa Birliyinə üzvlüyü məsələsində Fransanın mövqeyinin yumşaldılması üçün əlverişli addım ola bilər.
Məhz 2001-ci ildə Ermənistanla-Türkiyə arasında münasibətlərin tənzimlənməsi üçün təsis edilən işçi qrupunun maliyyələşməsini həyata keçirən bir sıra iş adamları və ictimai-siyasi xadimlər ABŞ-ın son zamanlar Türkiyəyə soyuq münasibətinin aradan götürülməsi üçün sərhədlər məsələsində Ermənistana güzəştə getmək barədə Ərdoğan hökumətinə məsləhətlər verirlər. Türkiyənin nüfuzlu "Posta" qəzetinin yaydığı məlumata görə, ABŞ Konqresinin Ağ Evə göndərdiyi məxfi sənəddə Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Ermənistanla sərhədlərin açılacağı təqdirdə mümkünlüyü qeyd olunub. Vaşinqtonda bu sənədin icrası üçün atılan addımlar son günlərin prosesləri ilə müşahidə olunur. Ermənistan və Türkiyə KİV-ində yayılan informasiyalara görə, Birləşmiş Ştatlarda erməni diasporu ilə danışıqlara başlayan türkiyəli nümayəndələr sərhədlərin açılması məsələsini müzakirə edirlər. Verilən məlumatlara əsasən, Vaşinqtonun təzyiqilə Türkiyə və Ermənistan xarici işlər nazirləri Abdulla Gül və Vardan Oskanyan Qars-Gümrü sərhəd qapısının tezliklə açılması barədə razılığa gəliblər. Düzdür, Ankarada Azərbaycan XİN başçısı Vilayət Quliyevlə görüşdən sonra yayılan məlumatları təkzib edən A.Gül sərhədlərin açılmayacağını bildirib. Lakin Türkiyənin nüfuzlu "Radikal" qəzeti Gülün açıqlamasının inandırıcı olmadığı amilini yazmaqla Birləşmiş Ştatların sərhədlərin açılmasında Ankaraya təzyiq göstərdiyini bildirir. Verilən məlumatlara görə, Ağ Ev Türkiyənin beynəlxalq aləmdə nüfuzunun artması üçün Ermənistanla sərhədlərin açılmasının mühüm əhəmiyyət daşıması barədə fikir bildirməklə dünya ictimaiyyətinin Ankaranın bu addımının razılıqla qarşılayacağı barədə Ərdoğan hökumətini "inandırıb".
Bəzi məlumatlarla isə Vaşinqton Ermənistanla sərhədləri açdıqdan sonra Türkiyənin İraqda olan tələblərinin ödənilməsinə dair razılıq verməklə ABŞ-Türkiyə münasibətlərində buzun əriməsi prosesinin başlayacağına eyham vurub. Türkiyənin iqtisadi maraqlarının böyük həcmdə doğrulacağı məsələsini önə çıxaran Vaşinqton Avropa Birliyi məsələsində Türkiyəni dəstəkləyəcəyi barədə açıqlama da verib. Türkiyənin iqtisadi maraqlarının önəmli olduğunu vurğulayan bəzi iş adamları artıq Tbilisidən İrəvana türk ofislərinin köçürülməsinin vaxtı olduğunu iddia edirlər.
Bu məsələ ətrafında analitiklər və politoloqlar arasında yekdil fikir olmaması dərc olunan fikirlərdə özünü büruzə verir. Bir qrup politoloq fikirləşir ki, Türkiyə və Ermənistan arasında olan sərhədlər problemi yaxın zamanlarda sərhədlərin açılması ilə çözüləcək. "Türkiyənin öz maraqları var" - deyən bu politoloqlar bunun üçün Azərbaycan amilinin daha mühüm rol oynamadığını bildirirlər. "Ankara-İrəvan arasında danışıqlar sərhədlərin açılacağını labüd edir" - şəklində düşünən politoloqlar Türkiyənin iqtisadi maraqlar üzərində siyasət yeritdiyini göstərməklə, eyni zamanda siyasi maraqların qorunmasını da qeyd edirlər. Digər bir qrup analitik hesab edir ki, son vaxtlar daha ciddi gündəmə gələn sərhədlər məsələsi Vaşinqton və Ankaranın Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyil. Onlar son günlər ABŞ-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətlərində olan soyuqluğun aradan qaldırılmasına xidmət edən sərhədlər məsələsinin Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etməsi və Rusiyaya meylin artması təqdirində artıq vasitə deyil, real işə çevriləcəyini proqnozlaşdırırlar. Başqa bir qrup analitik bildirir ki, Türkiyə yalnız Ermənistana irəli sürdüyü konkret şərtlər ödənildikdən - "soyqırım" iddiasından əl çəkərək, işğal altında olan Azərbaycan torpaqlarını azad edilməsindən sonra sərhədləri açacaq. "Türkiyə heç bir zaman Azərbaycana xəyanət etməz" - qənaətinə gələn bu politoloqlar iki dövlət arasında münasibətlərin daha önəmli olmasını qeyd edirlər. Fikrimizcə, son günlər Ermənistanın xarici siyasətinin prioritet istiqaməti olan Türkiyə ilə sərhədlərin açılması ölkə rəhbəri Köçəryanın itmiş nüfuzunun bərpa edilməsinə xidmət edir. Köçəryanı dəstəkləyən erməni diasporunun bir çox üzvləri Ermənistan üzərində təsirlərini itirməmək üçün tezliklə sərhədlərin açılmasına nail olmaq niyyətindədirlər. Köçəryanın yeritdiyi daxili və xarici siyasətin yararsız olduğunu bildirən erməni müxalifəti ölkədə kasıbçılığın 80 faizə qalxmasında onu ittiham edirlər. Bu ittihamlara cavab olaraq Köçəryanın iqtisadiyyatı dirçəltmək üçün çıxış yolunu Türkiyədə axtarması başa düşüləndir. Ermənistanda türk mallarına olan tələbat və Türkiyəyə turizm marağının artması sərhədlərin açılmasını tələb edir. Bu səbəbdən tezliklə Türkiyə ilə sərhədləri açmaq istəyən Köçəryan öz itmiş nüfuzunu bərpa etmək və müxalifəti neytrallaşdırmaq niyyətindədir.
Ancaq inanmaq olar ki, Türkiyə Azərbaycanla "bir millət, iki dövlət" prinsiplərinə söykənən münasibətlərə zidd olan Ermənistanla sərhədlərin açılması məsələsində güzəştə getməz. Çünki Bakı-Ankara münasibətlərinə ciddi xələl gətirəcək olan bu məsələ Türkiyənin Qafqazın ən önəmli dövləti olan Azərbaycanda və Gürcüstanda nüfuzunun azalmasına səbəb ola bilər.



