Reklam verin!

TERROR ANLAYIŞI, TARIXI VƏ MÜASIR FENOMEN KIMI

Bəşəriyyət XXI əsrə insan dühasının daha da çiçəkləndiyi, elmin yeni nailiyyətlərinin sel kimi teraxdığı bir dövrdə qələm qoydu. Lakin bu yüzillik həm də tarix səhnəsində ilk addımlarını atandan özündən əvvəlki dövrlərin acı miraslarından xilas ola bilmədiyini, bəzi hallarda isə onları bərpa etmək, canlandırmaq meyllərini nümayiş etdirdi, yeni bəlaların qarşısını almaqda çətinliklərlə üzləşdikdə keçmişin pas atmış silahlarına, vasitələrinə əl atmaqdan da çəkinmədi. Bu bəlalardan ən böyüyü isə latın dilindən tərcümədə "qorxu, dəhşət" mənasını verən terror idi.

Terrorizm ümumən bir ovuc adamın əməlindən uzağa gedə bilməsə də, bəzən xalqları, dövlətləri üz-üzə qoyur, onları qanlı toqquşmalara cəlb edir. Terrorizm hadisələri bir qayda olaraq ağır yaralar vurduğundan, ən başlıcası insan həyatlarının qurban getməsi ilə nəticələndiyindən ona qarşı mübarizədə səmərəli üsullar tapılmayanda, çaşqınlıq, qəfil və ağır zərbədən yaranan ümidsizlik, anlaşılmazlıq dumanı yaradır, əsassız ittihamlar meydana çıxır və qəribə görünsə də, hədəfin düzgün müəyyən edilməməsi yeni münaqişələrin yaranmasına, yeni müharibə tonqallarının alovlanmasına gətirib çıxarır


Terroru törədənlərə əl çatmayanda ümumi vahimə xofu daha da böyüyür, bütövlükdə günahsız xalqlar təhlükə mənbəyi hesab edilir, ümumi etimadsızlıq şəraiti və şübhələr qorxu hissini daha geniş yaymaqdan qalmır. Bu sətirləri oxuyarkən elə təsəvvür yaranmasın ki, terror elə ümumbəşəri problemə çevrilib, elə miqyas alıb ki, onun varlığı Qiyamət günündən əvvəl gələn qoqların və maqoqların basqınını xatırladır. Onun təhlükəsini şişirtmək əslində terrorun qanlı dişlərini itiləməyə, ona qarşı mübarizə aparanların iradəsini isə zəiflətməyə xidmət edir. Lakin bu təhlükəni dağıdıcı və məhvedici gücü qədər qiymətləndirməmək də qoxuludur və azacıq arxayınçılıq daha böyük faciələrin baş verməsinə şərait yarada bilər. Yaşadığımız əsrin başlanğıcı bəşər tarixinin tükürpədici səhnələrindən bir ilə yaddaşlara hopdu. 2001-ci ilin 11 sentyabr günü bütün dünya, olduqca xırda istinalar nəzərə alınmasa terrorizmin ən ağır zərbəsindən sarsıldı.

 

Yer üzünün yeganə fövqəl dövləti sayılan ABŞ öz ürəyindən, onun qüdrət simvollarını hədəf seçmiş terroristlərin əli ilə ağır yaralar aldı. İki Dünya müharibəsindən qalib, həm də daha da varlanmış və güclənmiş çıxan bu dövlət başqalarının təhlükəsizliyinə qarant və əlində silah mühafizəçi rolunda çıxış etdiyi halda, öz sarsılmaz təhlükəsizlik mifinin bir andaca dağıldığının, bütövlükdə təhlükəsizlik sisteminin fiaskoya uğradığının şahidi oldu. Onun strateji obyektləri bıçaqlarla silahlanmış bir neçə terroristin vəhşicəsinə cəhdləri nəticəsində elə bil ki, qeybə çəkildi. Dünya hadisələrində özünü arbitr kimi aparan bir dövlət terroristlərin məkr, hiylə və dəhşət dayaqları üzərində qurduğu mühakimənin acı hökmünü dadmalı oldu. Nyu-Yorkda ekiz göydələnlərin - Dünya Ticarət Mərkəzi qüllələrinin məhv edilməsi dəhşətindən sonra insanlar cavabı çətin tapılan suallar dənizində üzməyə başladılar. 

 

Terrorizmin mənbəyi, onun hərəkətverici qüvvələri lazımınca öyrənilmədiyindən və tədqiq edilmədiyindən şübhələr kompası öz əqrəbini sonuncu vəhşilik aktını törədənlərin dini mənsubiyyəti tərəfə döndərməyə üz qoydu. Dəhşətin təsirinin və yaratdığı əhval-ruhiyyənin nəticəsi kimi çoxları bütövlükdə islam dünyasına inamsızlıqla yanaşmağa başladı.

 

Terrorizmin vahid simvoluna çevrilmiş insanı canavar yuvasında bəsləyib boya-başa yetirənlər, ona yol göstərənlər hansısa sehrli çubuğun təsiri altında büsbütün yaddan çıxarıldı, ön plana onun antropoloji xüsusiyyətləri və geyimi qaldırıldı. Bir ovuc adamın hesabına günahsız milyonları birləşdirən bir dinə xor baxma halları çoxaldı. Müsəlmanların daha kompakt yaşadığı regionlar təhlükə mənbəyi adı altında hədəfə çevrildi. Nifrət ünvanına çevrilmiş diktatorları aradan götürmək vəzifəsi gündəliyə daxil edildi. Bu zaman münasibətlərdəki ikili standartın gözəçarpan nümunəsi kimi, loyallıq bəslənən və qoltuq altında saxlanan diktatorlara və teokratlara himayə daha da gücləndi.

 

 Terrorizm və onun başçısı ilə əlaqə saxlamaq kimi saxta arqument digər bu qəbildən olan səbəblərə əlavə edilməklə, yeni müharibə ocağı yaradılmasına haqq qazandırıldı. Öz xalqına qarşı soyqırımdan dəfələrlə istifadə etmiş Səddam Hüseyni devirmək üçün başqa vasitələr köməyə gəlmədiyindən, məhz yuxarıdakı ittihamlarla böyük bir ölkə müharibə qasırğasına büründü. Sentyabr hadisələrindən beş il sonra əvvəllər səslənən eyhamlar və qızışan ehtirasları söndürmək üçün edilən cəhdlər artıq kənara atıldı, bü müasir bəla, şər timsalı din donuna geyindirilərək, "islam terrorizmi", "islam faşizmi" kimi ifadələr müraciətlərdə yer tutmağa başladı, daha uzağa gedilərək, müsəlmanlar vahid totalitar imperiya yaratmaq cəhdlərində ittiham edildi. Terrorizmin ümumbəşəri bəla olduğu hamıya aydındır və ona görə də ona qarşı mübarizədə qüvvələri parçalamaq, ittifaqda olmalıları rəqib düşərgələrə bölmək yalnız terrorist yuvalarında gizlənənlərə fayda gətirir. Belə cəhdlər həm də terrorizmlə mübarizəni özünün düzgün yollarından azdırır, onun sivilizasiyalar arasındakı münaqişə fövqünə qaldırılması müsəlman dünyasında ciddi etirazla qarşılanmaqla yanaşı, əsassız ittihamlardan qorunmaq üçün obyektiv olaraq bu ümumi cəbhədən ayrılmaq, kənarda dayanmaq istəyi yaradır. 

 

Terroristlər bir qayda olaraq fanatiklərdən yetişdirilir, fanatizm isə zəkanı, ağılı kənara atır, ona görə də şüurlu və səmimi imandan, sitayişdən çox uzaqdır. Terrorizm ən qatı şər qüvvəsidir, sülh təbliğ edən din isə öz nəcib idealları ilə heç vaxt şər doğura bilməz. İslam dünyası digər xalqlar üçün heç də yad deyil, çünki onun çoxəsrlik tarixi və mədəniyyəti bütün bəşəriyyət üçün ruhi zənginliyin mənbələrindən biri olub. Bir fanatik terroristin vəhşiliyi ilə İslama bütövlükdə qiymət vermək nə qədər düzgündürsə, onda qatı katolik Torkvemadaya və lüteran Hitlerə görə bütün xristianlığa ciddi ittihamlar irəli sürmək olardı. Bu anlaşılmazlıqlardan uzaqlaşıb, nə qədər ki, terrorizmi yaradan səbəb və şərait, onu rəğbəti ilə həvəsləndirən mühit lazımınca öyrənilməyib, indiki mübarizə tədbirləri də istənilən səmərəyə malik olmayacaq, onu zəiflətmək və aradan qaldırmaq vəzifəsi müşkül bir işə çevriləcək.

 

   Təəssüf ki, bu gün biz artıq bu prosesin real nümunələri ilə üzləşirik. Terrorla müharibə əslində terrorizmin mühüm mənbələrinə çevrildi. Özü də bu fikir kiminsə uydurması olmayıb, ABŞ-ın bütün 16 xüsusi xidmət orqanlarının tədqiqatının bilavasitə nəticəsidir. Onlar etiraf etməli oldular ki, "İraqda müharibə qlobal terror təhlükəsini dərinləşdirmişdir". Bu müharibə terrorizmlə mübarizədə öz töhfəsini daha çox onu qidalandırmağa verir. ABŞ-ın tarixində ilk dəfədir ki, ölkənin xüsusi xidmət orqanları addımbaşı terrorla öz müharibəsinin uğurunu tərifləyən prezidentlərini belə yekdilliklə təkzib edirlər. Terrorla müharibə olduqca ciddi işdir və iki böyük dövlətin - Rusiyanın və Birləşmiş Ştatların acı təcrübəsi göstərdi ki, bunu hərbçilərin öhdəsinə buraxmaq ağır nəticələrə gətirib çıxarır. Çünki bu müharibədə cəbhə yoxdur, burada ordularla deyil, tək-tək adamlarla vuruşmaq lazım gəlir. 

 

Bu müharibə milyonlarla insanın ağılları uğrunda aparılır, onları fəth etmək isə hər şeydən əvvəl arqumentlər və nümunələr hesabına mümkündür. Əlbəttə, 11 sentyabr dəhşətli cinayət idi və belə cinayətlə adətən antikriminal metodlarla mübarizə aparılır. Ancaq bu hadisənin bəzi qüvvələrin xeyir-duası və bilavasitə iştirakı ilə dini-fəlsəfi münaqişə səviyyəsinə şişirdilməsi ilə mübarizə əsas hədəfdən yayındırıldı. Digər tərəfdən faciəyə münasibət daha çox demaqoqiya xarakteri daşıdı. Hadisənin yaratdığı əhval-ruhiyyə bir tərəfdən narahatlıq hissini, digər tərəfdən islam dünyasına qarşı artan kini və hətta nifrəti şişirtməyə yönəldildi. Bu kontekstdə islamofobiya şüarları təkcə məsuliyyətsizliyin ifadəsi olmayıb, həm də tarix və perspektiv baxımından olduqca zərərli idi. İslama qarşı hücumlar kəskin cavab reaksiyası doğurmaya bilməzdi. 

 

Bütün bunlar isə dünyadakı mövcüd kövrək sabitliyi və zahiri harmoniyanı pozur, dünya xaosunun böyüməsinə yol açır. Hər bir dünya dini yüz milyonlarla insanın mənəvi sığınacağına çevrildiyindən, olduqca möhkəm sipərlərə malikdir və ona olan hücumlar bu zirehin möhkəmliyini daha da artırır. Dinə qarşı atılan nizələr qayaya dəyən daş kimi eyni sürətlə geri qayıdacaq, özü də çox vaxt bumeranq trayektoriyasını seçəcəkdir. Biz bunun günəş şəfəqləri kimi aydın nümunəsini bu ilin əvvəlində Danimarka qəzetlərinin birində Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsi vaxtı gördük. Bir sərsəmin dərin quyuya atdığı daşı çıxarmaq, onun izlərini yox etmək böyük səylər göstərmək, təhlükəli qarşıdurma hallarının qarşısını almaq üçün əlavə tədbirlər görmək lazım gəldi.

 

 Karikaturaçı rəssam və qəzetin naşiri ya sadəlöhvlükdən öz əməllərinin hansı miqyasda problemlər yaradacağını görməmişdilər, yaxud da öz məkrlərinin bəhrəsindən böyük sevinc duyacaqlarını düşünərək nəticənin hansı rənglər alacağını güman etməmişdilər. Nəhayət, müsəlmanları bürüyən nifrət dalğasını çətinliklə də olsa yatırtmaq mümkün oldu. Bircə onu demək kifayətdir ki, bu biabırçı işə girişənlər hansı məqsədi güdsələr də, siyasi cəhətdən pıqmey olduqlarından uzağa baxa bilməzdilər və onların mənəvi üfüqləri də özləri kimi kiçik və dar idi. Belə xoşagəlməz, hiddət doğuran halların qarşısını almaq əvəzinə, biz daha qorxulu retsidivlərlə qarşılaşdıq. Dünya siyasətinə təsir etmək imkanına malik olan adamlar belə bu "fəaliyyət dairəsində" bulunmaqdan yan keçmirlər. İisus Xristosun sülhə səsləyən çıxışlarına uyğun olaraq, islamofobiya isterikasını yatırtmaq vəzifəsini öz üzərinə götürməli olan Dünya Katolik dininin başçısından bu yaxınlarda əksinə yeni münaqişə yaratmağa xidmət edən bəyanat eşidildi. Sonrakı izahatlar və diplomatik cestlər nəzərə alınsa belə, bu bəyanat əslində heç də sivilizasiyalar arasındakı etimadsızlığı və kini zəiflətməyə istiqamətlənmişdi.

 

 Roma Papası XVI Benedikt öz vətəni olan Almaniyada, bir vaxtlar ilahiyyatdan dərs dediyi Bavariyadakı Regensburq universitetində katolik dininin problemlərinə həsr olunmuş elmi mühazirə ilə çıxış edəndə, anlaşılmayan bir şəraitdə problemlərin həlli yollarından danışarkən İslam dininin banisinin xatirəsinə daş atmaqdan çəkinmədi. Pontifik XIV əsrin sonu, XV əsrin əvvəllərində Bizans imperatoru olmuş II Manuil Paleoloqun hədyan sözlərini Müqəddəs Yazının ifadələri kimi xüsusi ehtiramla dilə gətirdi: "Məhəmmədin yeni nə gətirdiyini mənə göstərin və siz görərsiniz ki, o, dini qılıncla yaymaq əmri kimi şər və insanlığa yaraşmayan şeyləri moizə edirdi".

 

Roma Papası heç də sadəlövh adam deyil, böyük biliyə, kilsə fəaliyyəti və həyat təcrübəsinə malikdir. O bu sözlərin məna yükünü yaxşı anlamamış deyildi və sual olunur ki, təhqiramiz və həm də həqiqətdən uzaq olan ifadəni əsrlərin qaranlığından dartıb işığa çıxartmağa nə ehtiyac vardı? Manuil öz dövrünün xristian dünyasının ruhuna və mövqeyinə uyğun düşməncəsinə danışırdı və bu kontekstdə heç cür haqq qazandırmaq mümkün olmasa da, onu anlamaq mümkündür. Avropada iki əsrə qədər davam edən Səlib yürüşlərinin əks sədası qalırdı, Bizans İmperatorunu axırıncı sayılan səkkizinci səlib yürüşündən vur-tut bir əsrlik zaman məsafəsi ayırırdı. 

 

Axı bir vaxtlar evinə Yerusəlimdən məktub yazan səlibçi lovğalanırdı ki, o, atını "dinsizlərin" dizə çıxan qanı içərisində çapır. Osmanlı orduları isə Avropanı lərzəyə salanda belə heç vaxt dəhşətli qırğın səhnələrinə, günahsız insanların öldürülməsinə əl atmamışdı. Manuil həm də din xadimi idi və ortodoks yunan kilsəsinə xidmət isə belə iftira və böhtanlardan keçirdi. Mövqeyinin nə qədər səmimi olub-olmadığını müəyyən etmək üçün onun həyat yoluna, türklərlə (başqa sözlə, müsəlmanlarla) necə yaxınlıq etdiyi mərhələlərə nəzərə salmaq yaxşı olardı. Manuili bəraətə yaxınlaşdıran digər bir cəhət isə, bu sözləri onun kütlə qarşısındakı çıxışında, moizədə deyil, müsəlman ilahiyyatçısına yazdığı məktubda işlətməsidir və bunu onun səhv mövqeyinin səmimi iddiası kimi də qəbul etmək olar. II Manuil Paleoloq kimdir və o, həqiqətənmi türklərlə, ünsiyyətdə olduğu müsəlmanlarla düşmənçilik münasibətlərində olmub? Birinci hissəyə cavab verməmişdən əvvəl, sonuncu suala mənfi cavab vermək lazım gəlir.

 

1391-ci ildən 34 il ərzində Bizans İmperatoru olmuş II Manuil hökmranlığı dövründə öz diplomatiyası hesabına Osmanlı türkləri ilə dinc münasibətlər qurmağı bacarıb, bununla da Bizans imperiyasının tam işğalını 50 ilə qədər təxirə saldıra bilib. Manuil fasilələrlə yarım əsr ərzində hökmranlıq etmiş IV İoann Paleoloqun oğlu idi və atasına qarşı uğursuz qiyam qaldırmış öz böyük qardaşı IV Andronikdən sonra, 1373-cü ildə imperatorun varisi elan edilmiş və imperator kimi taclanmışdı.

 

 O, 1376-cı ildə Konstantinopolu və taxt-tacı ələ keçirmiş Andronikdən onları üç il sonra geri almaqda atasına köməklik etmişdi. Ata və oğul tacı məhz türklərin köməyi ilə aldıqlarından buna görə sultana təzminat ödəməyə və ona hərbi kömək göndərməyə məcbur edilmişdilər. Bir il sonra isə, bu dəfə Andronikin oğlu VII İoann Konstantinopolu və taxt-tacı tutmuş, lakin onu geri almaqda yenə də türklər Manuilə və atasına köməklik göstərmişdilər. Manuil sultan I Bayəzidin sarayında itaətdə olan vassal kimi saxlanmağa vadar edilmiş, 1991-ci ildə atasının ölüm xəbərini aldıqdan sonra Konstantinopola qaçana qədər orada qalmışdı. Türklər 1396-cü ildə Fessaliyanı və Moreyanı viranə qoyanda Manuil kömək xahiş etmək üçün Qərbə yollandı. Romada, Milanda, Londonda və Parisdə oldu, axırıncıda iki ilə qədər qaldı. Qərblə mədəni əlaqələri inkişaf etdirməkdə xeyli irəliləyiş əldə edilsə də, Qərbdən gözlədiyi hərbi yardımın alınması baş tutmamışdı. Manuil 1403-cü ildə Sultan I Mehmetlə sülh müqaviləsi bağlamış, türklərə təzminat ödənilməsinə son qoymuşdu.

 

 Sülh münasibətləri Sultanın öldüyü 1421-ci ilə qədər davam etmiş, həmin ildə Manuil dini və ədəbi maraqları naminə dövlət işlərindən aralanmışdı. Onun oğlu bu vaxt Türkiyə və Bizans hökmdarları arasında qurulmuş kövrək əlaqələrə məhəl qoymayaraq, Türk taxt-tacına qanuni varis olan II Muradın əleyhinə, buna iddia edən Mustafanı dəstəkləmişdi. Murad qiyamı yatırdıb, 1422-ci ildə Konstantinopolu mühasirəyə aldı. Şəhər işğal təhlükəsindən qaça bildi, lakin türklər sonrakı il Peloponnesi viranə qoydular. Alçaldıcı müqaviləni imzalamağa məcbur edildikdən sonra Manuil monastıra yollandı və 1425-ci ildə öldü. Manuil İslama qarşı hörmətsizlik etsə də, bu dinin daşıyıcıları olan türklərin qüdrəti ilə daim hesablaşmaq məcburiyyətində qalırdı.

 

Roma Papası elə həmin çıxışında onu da qeyd etmişdir ki, öz qarşısında heç də müasir fikrin "saatını geri döndərmək" və bəşəriyyətin tərəqqisini nəzərə almamaq vəzifəsini qoymayıb. O, iman və zəkanın yeni qaydada birləşməsi ilə Kilsənin hiss etdiyi təhlükənin aradan götürüləcəyinə ümid bəslədiyini də bildirmişdir. Görəsən, bəs altı yüzil əvvələ qayıdıb, ixtilafları təzələmək müasir düşüncəni arxaizmə yuvarlandırmaq cəhdi deyilmi? XVI Benediktin çıxışı bütün dünyada müsəlman liderlərinin qəzəbli reaksiyasını meydana gətirdi. Bəziləri bunu hətta nifrət hissi kimi qiymətləndirmişdi. 

 

Buna təəccüblənməyə də ehtiyac yoxdur, axı müsəlmanların etirazı haqqdan irəli gəlir, lakin bu etirazın hiddət plankasını yüksəltmək islam dünyasının özünün tolerantlığına xələl gətirərdi. Ona görə də hətta sözlərdən ehtiyatla istifadə etmək, hissləri qızışdırmağa uymamaq düzgün olardı. Bəzən bir kəlmə böyük faciələrə yol açır. Markın İncilində deyildiyi kimi, İisus vaxtilə ac olduğundan yol qırağındakı bir əncir ağacından meyvə qoparıb, yemək istəyəndə, ağacın üstündə yarpaqdan başqa heç nə tapmadı və buna görə ağaca dedi: "Sən bir daha heç vaxt meyvə gətirməyəcəksən!" Nəhayət, əncir ağacı tamam qurudu. Şagirdləri bunu görüb təəccübləndilər: "Ağac necə belə tez qurudu?" - deyə soruşdular. İisus cavab verdi: "Mən sizi əmin edirəm ki, əgər siz inansanız və şübhə etməsəniz, siz mənim bu əncir ağacına etdiyimi təkrarlamağa qadir olacaqsınız". İisusun əncir ağacını lənətləməsindən min ildən də artıq vaxt keçdikdən sonra inkvisiziya bundan geniş istifadə edib, özünə loyal saymadığı bütün adamları kafir adlandıraraq məhv edir, sıradan çıxarırdı.

 

Lənətdən quruyan ağacın yerini on minlərlə insanın puç olmuş həyatı tutdu və xristian kilsəsi başqa məqsədlə söylənmiş ehkamdan belə qəddarcasına istifadədən çəkinmədi. Əməkdaşlığa, təhlükə qarşısında birliyin vacibliyinə çağırışa ehtiyac olduğu bir vaxtda islama bu cür - hörmətə uyğun gəlməyən qaydada müraciət, istənilən halda yolverilməz sayılmalıdır. Yox, əgər Papa başqa dini bütövlükdə "Kanossaya getməyə" dəvət etmək fikrinə düşübsə, bu heç cür başa düşülən deyil. Yepiskopları təyin etmək üstündə mübarizədə kilsədən təcrid edilmiş və vəzifəsindən kənarlaşdırılmış müqəddəs Roma imperiyasının imperatoru IV Henrix öz rəqibi - Roma Papası VII Qriqoridən bağışlanmasını yalvarıb, xahiş etmək üçün qarlı havada Kanossa qəsrinin qarşısında dayanıb, alçaldıcı qaydada qəbul edilməsini gözləyirdi.

 

 İndi başqa bir dini alçaltmaq həvəsinə düşməklə məgər öz dininin nüfuzunu yüksəltmək mümkündürmü? İslamı qılınc gücünə yayılmaqda günahlandıranlar qoy xristianlığın tarixini daha diqqətlə öyrənsinlər. Xristian bayrağı altında Meksika və Perunu fəth edən Kortes və Pisarro hinduları qırıb, şəhərlərini dağıdanda görəsən yerli əhaliyə humanizm dərsi keçirdilərmi? Axı İslam heç vaxt inkvizisiya kimi kütləvi təqiblərə və qırğınlara rəvac verməyib. İslamda da çoxlu sektalar mövcud olsa da, onlar "məqsəd vasitələrə haqq qazandırır" fəaliyyət devizini meydana çıxarmış İezuitlər ordeni kimi sərt qaydalara əl atmamışlar. 

 

Digər dinlərə sitayiş edən müdrik insanlar belə islam dininin dünya dinləri arasında ən demokratik din olduğunu etiraf ediblər. Bu din irqindən, milli mənsubiyyətindən və dilindən asılı olmayaraq, ona iman gətirən bütün insanları qardaş elan edib. İslamda din xadimlərinin rolu olduqca azdır, ayrıca dini mərkəz və xüsusi dini xadimlər ierarxiyası yoxdur. Bu dində yalnız Allaha sitayiş edilir. Məhəmməd peyğəmbər bütpərəstlərə qarşı amansız mübarizə aparsa da, tək Allahın mövcudluğunu etiraf edən dinlərə sitayiş edənlərə qarşı kəskin ayrı-seçkilik qoymamış, əksinə islam dini onların azacıq məhdudlaşdırılmış hüquqlarının daim müdafiəçisi olub. Ona görə də ərəblərin Avropada ilk işğal etdikləri İspaniyada və Siciliyada müsəlmanlarla xristianlar, işğalçı və tabe olanlar statusu nəzərə alınmaqla, mehriban şəraitdə yaşayırdılar. Səlib yürüşlərinin islama hansısa bir cavab olduğu səbəbi qəbul edilsə belə, bu iddianın əsassızlığı üzə çıxır. Çünki axı müsəlmanlar onlardan çox uzaqda, bu yürüşlərə çağırışın reallaşdığı Fransanın şimalında yerləşən vilayətlər üçün hansı ciddi təhlükə törədə bilərdi? Digər tərəfdən müsəlmanların İspaniyaya müdaxiləsindən az sonra işğala müqavimət hərəkatı kimi Rekonkista meydana gəlmişdi. Bu hərəkatın daha geniş vüsət aldığı dövrlərdə belə müsəlmanlar xristianlara qarşı kütləvi amansız tədbirlərə əl atmırdılar. Manuilin qorxduğu və ehtiyatla davrandığı Türkiyədə xristianlar və digər dinlərə mənsub olanlar sərbəst şəkildə öz dini itaətlərini icra edirdilər, bu vaxt heç bir təqibə və ya sıxışdırılmaya məruz qalmırdılar. Manuil həyatdan köçdükdən əsr yarım sonra, 1572-ci ildə Parisdə Müqəddəs Varfolemey gecəsində katoliklər eyni dindən olan huqenotların qırğınını təşkil edərək, bir gecədə 3 min nəfəri qətlə yetirdikləri halda, elə həmin dövrdə Osmanlı imperiyasının paytaxtı olan İstanbulda müsəlmanlarla xristianlar birlikdə dinc yaşayırdılar, dini ayrı-seçkilik zəminində onların arasında heç bir ciddi ixtilaf baş vermirdi. 

 

Bu qırğından sonra huqenot fransızlar öz katolik qardaşlarının amansız təqiblərinə dözməyib, doğma yurdlarını tərk edib, başqa ölkələrə qaçdıqları halda, Osmanlı imperiyası XVI-XVIII əsrlərdə belə biabırçı hallarla üzləşməmişdi. Müqayisə edildikdə bu vaxt Fransada huqenotlara münasibət Türkiyədə qeyri-müsəlman əhaliyə bəslənilən münasibətdən qat-qat pis idi. İspaniyada katoliklərin inkvizisiya təqiblərindən və qırğınlarından qaçan yəhudilər Türkiyədə sığınacaq tapmışdı, xristian rahibləri isə Kappodokiyadakı dağlarda öz əlləri ilə düzəltdikləri süni mağaralarda tikdikləri möcüzəni andıran evlərdə sakit həyat sürür, buradakı kilsələrdə maneəsiz olaraq dini ibadətlərini icra edirdilər.

 Terrorun latın mənşəli söz olduğunu nəzərə alaraq, onun çox qədim olduğunu güman etmək olar. Lakin, bizim anlamımızda, ümumbəşəri bəla kimi terror daha çox XX əsrin məhsuludur.

Terror nədir sualına belə cavab verərdim ki, terror, bir qayda olaraq qeyri-kombatant şəxslərə qarşı, bir qayda olaraq rəsmi sülh şəraitində törədilmiş elə bir əməldir ki, son məqsəd terror aktının qarşı törədilmiş insanları öldürmək deyil, bunun vasitəsilə geniş xalq kütlələrinin və ya rəsmi nümayəndələrin qorxudulmasına nail olmaq, və ya onların hansısa hərəkətlərin edilməsinə sövq etmək və ya hansısa hərəkətlərin edilməsindən çəkindirməkdən ibarətdir.

 

Terrorun kökündə məhz cəmiyyətdə qorxu hissinin, panikanın yaradılmasından, xalqın içinə, öz dövlətinin hərbi-siyasi qabiliyyətlərinə dair şübhə toxumlarının səpilməsindən ibarətdir. Terror, sözsüz ki, çox dərin köklərə malikdir. Lakin tarix boyu o, mutasiya edərəl, getdikcə daha qanlı, daha ciddi formalar almış və hər dəfəsində terrorçuların əməlləri daha ağır, tələbləri isə daha ciddi olmuşdur.

 

Əgər ilk dövrlərdə terrorçuluq özünün daha çox terror aktı variantında təzahür edirdisə, XXI əsrdə biz artıq sözün ən dəhşətli mənasında terrorçuluqdan danışa bilərik. Terror aktı, konkret siyasi və ya ictimai xadimin öldürülməsini, daha doğrusu həyatına qəsdi nəzərdə tutur ki, bunun da məqsədi təkcə hakim dairələri, həm də xalq kütlələrini də qorxuzmaqdan ibarətdir. Amma əgər buna da, haqq qazandırmaq olmasa da, terrorçunun məntiqini başa düşmək olar: belə ki, o, konkret siyasi xadimin siyasətindən narazıdır və onu qətlə yetirir, məsələn, İndira Qandi və ya İtshak Rabbinin qətlləri məhz bu seriyadandırlar.

 

Terror Şərqdə də mövcud olub, onun mənasını izah etmək üçün latın mənşəli sözdən istifadə etməyimiz heç də onun bəzi şərqpərəstlər dediyi kimi Qərbin məhsulu olmasında ittiham etmək üçün əsas deyil. Fransız dilindəki qatil sözü, elə ingiliscədə də “assassən” – xaşxaşçı sözündən törəyib. Bunlar da ki, məşhur İsmaililər sektasının sdı idi. Sektanın yalnız bir məqsədi var idi – Səlcuqilərin dövlət xadimlərini qətlə yetirmək. Sektanın üzvləri öz liderləri – Ağa Xana sözsüz tabe olurdular. O vaxt indiki qədər psixoloji təbliğat hələ güclü olmadığından qatillər xaşxaşın “möcüzəli” effekti ilə lazımi vəziyyətə çatdırılırdılar. Bir çox hökmdar və vəzirlər onların qurbanları oldular. Biz lüğətə nəzər salsaq terror və ondan yaranan terminləri aşağıdakı qaydada izahını görə bilərik:

           Terror fəaliyyəti (terror) - terror aksiyalarını təşkil etmə, planlaşdırma, hazırlama və həyata keçirmə, fiziki və hüquqi şəxslər üzərində zorakılıq etmə, terror məqsədilə maddi obyektləri məhv etmə və ya zədələmə, terror aksiyalarının həyata keçirilməsi məqsədilə qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, habelə belə aksiyalarda iştirak etmə, şəxsləri terrorçuluğa cəlb etmə, silahlandırma, onlara təlim keçmə və onlardan istifadə etmə, bilərəkdən terror təşkilatlarını və ya terror qruplarını maliyyələşdirmə və ya onlara digər yardımlar etmə ilə bağlı olan fəaliyyətdir;           Terrorçuluq (terrorizm) - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir.          Terrorçu (terrorist) - hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs;          Terror qrupu - terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə iki və daha artıq şəxsin birləşməsidir;

          Terror təşkilatı - terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir;

 

 Bütün bu sadalananlar nəzərə alaraq terror fəaliyyətinə “bulaşan”  bütün şəxslərə qarşı qanunvericiliklərdə məsuliyyət nəzərdə tutulur

 Qlobal terrorizm dedikdə, qısaca olaraq beynəlxalq terror fəaliyyəti başa düşülür. Beynəlxalq terror fəaliyyəti isə - terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən, şəxs tərəfindən onun mənsub olduğu dövlətin və ya başqa bir dövlətin ərazisində hər hansı bir dövlətin vətəndaşına qarşı edilən, terrorçu və terrorçuluğa məruz qalan şəxslər eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlə bağlı olan fəaliyyətdir. terrorçuluğun maliyyələşdirilməsi-pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanılmalıdır.

Qlobal terrorizm fəaliyyəti ilə məşğul olan terrorçu qruplaşmalara aiddir:    

     
  • Əl-Kaidə Terrorçu şəbəkəsi    
  • Türküstan İslam Partiyası (keçmiş Özbəkistan İslam Hərəkatı)
  • Hizbu-t-Təhrir
  • Mərakeş Hərbi İslam qrupu GICM  (Groupe Islamique Combattant Marocain)
  • Əbu-Xəfs Əl-Məsri BriqadasıGöstərilən bu terrorçu qruplaşmalar beynəlxalq terror fəaliyyəti ilə məşğul olmaları ilə bağlı əksər dünya dövlətləri tərəfindən beynəlxalq terrorçu qruplaşmalar kimi tanınmışdır. Lakin, bir bunlarla yanaşı dünya ölkələrinin terrorizm anlayışına ikili standartlarla yanaşmaları bir çox terrorçu təşkilatların (məs. Asala, KFP, və s.) bu siyahıdan kənarda qalmasına səbəb olub.
 Ölkələr üzrə Siyahı 
  • Əlcəzair – Əl-Qiyam / Al-Khiyam      
  • Əfqanıstan – Taliban / Taliban 
  • Belçika – Hərbi kommunist özəkləri /  Cellules Communistes Combattantes (ССС)   
  • Qəzza – İslam Ordusu / The Army of Islam     
  • Almaniya – Qırmızı Ordu Fraksiyası / Rote Armee Fraktion (RAF)     
  • Misir – Misir İslami Cihadı / Egyptian Islamic Jihad (EIJ)        
  • Misir – Əl-Qamma Əl-İslamiyyə / al-Gama'a al-Islamiyya (GAI)        
  • Misir – Müsəlman Qardaşları / Muslim Brotherhood (MB)    
  • İraq – İraqda İslam Ordusu / Islamic Army in Iraq     
  • İraq – Əş-Şura Mücahid Məclisi / Mujahedeen Shura Council
  • İraq – Vadidə Əl-Qaidə / al-Qaeda Organization in the Land of the Two Rivers                    İraq – Mehdi Ordusu / Army Mahdi   
  • İraq – Ənsar Əl-İslam / Ansar al-Islam          
  • İtaliya – Qırmızı Briqada / Brigate Rosse         
  • İrlandiya – İrlandiya Respublika Ordusu / IRA
  • İspaniya – Baksların azad vətəni ETA / ETA   
  • Kolumbiya – Kolumbiya inqilabi silahlı qüvvələri “Xalq ordusu” / FARC  
  • Livan – Hizbullah / Hizbollah   
  • Livan – Cund Əl-Şam / Jund al-Sham 
  • Livan – Fəth Əl-İslam / Fatah al-Islam
  • Pakistan – Ləşkər-e-Toyba / Lashkar-e-Toiba (LeT) 
  • Pakistan – Hərəkət-ul-Mücahiddin / Harkat-ul-Mujahideen (HUM)   
  • Pakistan – Ceyş-i-Məhəmməd / Jaish-e-Mohamed (JeM)      
  • Fələstin – Həmas / HAMAS    
  • Fələstin – Fələstin İslami Cihad / Palestinian Islamic Jihad (PIJ)           
  • Peru – İşıqlı Yol / Sendero Luminoso  ABŞ – Ku-Kluks-Klan / Kukluxklan  
  • ABŞ – Qara Panteralar / Black Panthers       
  • Filippin – Əbu Səyyaf qrupu / Abu Sayyaf group (ASG)         
  • Fransa – Akson Direkt / Action Directe         
  • Türkiyə - Kürd Fəhlə Partiyası
  • Şri-Lanka – Tamil İlamın Azadlıq Pələngləri   
  • Yaponiya – AUM
  • Rusiya – Qafqaz Mücahidlərinin Birləşmiş Qüvvələri Şurasının Ali Hərbi Məclisi        
  • Rusiya - İçkeriya və Dağıstan Xalqları KonqresiTerrorçular 
  •  Üsamə Bin Laden / Terrorçu - I         
  • Ayman Əl-Zəvahiri / Terrorçu - II       
  • Əhməd Yasin / Həmasın təşkilatçısı və mənəvi lideri - sağ deyil            
  • Abdulla Öcalan / Türkiyədə həbsdədir
  • Salmanoviç Şamil Basayev / Çeçen silahlılarının lideri - sağ deyil     
  • Musəvi Əl-Abbas / Cənubi Livan              
  • Xəttab - Həbib Əbdül Rəhman / Ərəb mənşəli Çeçen komandiri   
  • Asaxaro Söko / Yaponiyada "Aum-Sinruke" terrorçu sektasının təsisçisi  
  • Abbas Abu / Fələstin Azadlıq Cəbhəsini lideri
  • Əbu Musa Əl-Zərkavi / Əl-Kaidə şəbəkəsinin "Ət-tuhad vəl-cihad" qrupunun rəhbəri
  • Harmandia Fransiko Muxika / ETA-nın əvvəlki rəhbəri     
  • Qusman Reynoso Abumael / Peruda "Sendero Luminoso" terrorçu qrupunun rəhbəri      Ted Kazinski 
  • Meqi Petrik / İrland terrorçusu
  • Kurço Renato / İtaliya - Qırmızı Briqada terrorçu təşkilatının təşkilatçısı  
  • Xalid Leyla / Fələstin Milli Azadlıq Cəbhəsinin üz

Baxış sayı: 193
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 15
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 295
Ümumi hit: 51207

AddThis Feed Button
Add to Technorati Favorites