Ərazisi: 2,717,300 kv.km.
Əhalisi: 15,233,244 nəfər (iyul 2006-cı il).
Əhalinin tərkibi: qazax 53,4%, rus 30%, ukraynalı 3.7%, özbək 2.5%, alman 2.4%, uyğur 1,4%, digər 6.6%.
Paytaxtı: Astana. Sərhədləri: 12,012km.
Dil: rəsmi dil olan qazax dilində əhalinin 64,4%-i danışır, rus dilində əhalinin üçdə iki hissəsi danışır və gündəlik həyatda istifadə edir.
Din: müsəlman 47%, rus ortodoks 44%, protestant 2%, digər 7%
Azərbaycan Qazaxıstan əlaqələri. Qısa tarixi məlumat: Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılmışdır. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirlikləri fəaliyyətə başlamışdır. 2002-ci ilin noyabr ayında Andar Şukputov Qazaxstan Respublikasının Azərbaycan Respublikasında Səfiri, 29 yanvar 2004-cü il tarixində Lətif Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfiri təyin edilmişlər
Qazaxıstanda azərbaycanlıların formalaşdırdığı diaspor bu ölkədə sayılıb seçilənlərdəndir. Orta Asiyanın aparıcı dövlətlərindən olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Böyük "İpək yolu" dövlətləri olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr ticari və mədəni əsaslarla inkişaf etmişdir.
Hazırda sayı 106-110 min göstərilən Qazaxıstan azərbaycanlılarının bu ölkədə diaspor formalaşdırılması XX əsrin 60-cı illərindən sonrakı dövrə təsadüf edir. 1920-ci illərdə Sovetlər Birliyində başlanan siyasi repressiyaların ən ağır zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində azərbaycanlıların çox hissəsi Vətəndən didərgin düşənlər Orta Asiya, Sibir kimi yerlərə sürgün edilirdilər. Belə azərbaycanlıların müəyyən hissəsi, təqribən 120 minə qədəri Qazaxıstana sürgün olmuşlar. İlk sürgün edilən soydaşlarımız Canbul, Çimkənd və Almatı vilayətində məskunlaşmışlar. Bu prosesdən sonra 40-50-ci illərdə davam edən repressiya prosesində azərbaycanlıların bura köçürülməsi ilə nəticələnmişdi. Əsasən onlar Gürcüstan və Azərbaycanın digər bölgələrindən olan deportantlar idilər. 1956-60-cı illərdə isə on beş minə yaxın azərbaycanlı Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə kömək üçün buraya köçmüşlər. 1960-80 və 1991-ci ildən sonra baş verən mühacirət prosesi nəticəsində soydaşlarımızın Qazaxıstanda yayılma coğrafiyası aşağıdakı kimi müəyyənləşdirilib:
Anmola vilayəti 7.000 nəfər
Aktyubinsk vilayəti 1.000 nəfər
Almatı vilayəti 9.000 nəfər
Astana vilayəti 9.000 nəfər
Cənubi Qazaxıstan vilayəti 25.000 nəfər
Şimali Qazaxıstan vilayəti 15.000 nəfər
Lavlovar vilayəti 2.000 nəfər
Man Qistausk vilayəti 3.500 nəfər
Qızılarda vilayəti 200 nəfər
Kostonay vilayəti 4.000 nəfər
Qərbi Qazaxıstan vilayəti 900 nəfər
Karaqanda vilayəti 4.000 nəfər
Cambul vilayəti 10.500 nəfər
Şərqi Qazaxıstan 1.500 nəfər
Atrau vilayəti 500 nəfər
Qazaxıstanda aparılan statistik göstəricilər görə Azərbaycan diasporu digər diasporlardan oturacağına və mühacirətə az meylli olmağı ilə seçilir. Demoqrafik cəhətdən seçilən Azərbaycan diasporu mədəni və ictimai fəaliyyətlə məşğul olur. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hissəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm postları tutublar. Onlar yerli əhali və rus, özbək, türkmən, qırğızla isti əlaqələr quraraq, bir-birlərinin mədəni tədbirlərində fəal iştirak edirlər. Qazaxıstan azərbaycanlılarının çox hissəsi Vətənə gələrək burada ailə həyatı qurmağa üstünlük verirlər. Qazax və ruslarla qarışıq nigaha girən bəzi soydaşlarımız isə ailələrində azərbaycanlı ənənələrini təbliğ edirlər. Düzdür təbliğat işində passiv olan soydaşlarımızın təşkilati işi yaxşı təşkil olunub. Azərbaycan təşkilatları digər diaspor təşkilatları kimi, elə prezident N. Nazarbayevin rəhbərlik etdiyi "Qazaxıstan Xalqları Respublikası" birliyinə daxildilər. Qazaxıstanda insanların milli, dini, irqi zəmində heç bir problemi yoxdur. Bu ölkədə bacarığı sayəsində yüksək pillədə qarar tutmuş çoxlu azərbaycanlılar, beş nəfər vilayət, üç nəfər şəhər deputatımız var. Çu şəhərinin meri də azərbaycanlı Nizami Məmmədovdur. Ümumiyyətlə, dövlət strukturlarının hamısında azərbaycanlılar təmsil olunurlar. Vəkillər, alimlər arasında da xeyli soydaşlarımız var. Dövlət Dumasında hüquq müfəttişliyinin rəhbəri də azərbaycanlıdır professor Mirbəşir Əliyev. Daxili işlər nazirliyi sistemində, hərbi sahədə, vergi orqanlarında yüksək rütbə daşıyan çoxlu həmvətənlərimiz fəaliyyət göstərirlər. 1990-cı illərdən Aktubinsk vilayətində "Birlik", Astana şəhərində "Xəzər", Karaqanda vilayətində "Kamus", Kostonay vilayətlərində "Heydər", "Povladar vilayətində, Vətən və "s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyətə başlayaraq öz işlərini hazırda davam etdirirlər. “Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi -Cambul vilayətinin Çu rayonunun Yeni yol-"Novıy put" kəndində yaradılmışdır. Qazaxıstan azərbaycanlılarını iqtisadi və siyasi cəhətdən ən böyük təşkilat "Turan" Mədəniyyət Mərkəzidir ki, 1997-ci ildən fəaliyyətə başlayıb.
1993-cü ilin may ayında Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Turan" ictimai-mədəni fəaliyyətlə məşğul olur. Mərkəzin rəhbərliyilə Almatıda "Ozan" şəhər Mədəniyyət Cəmiyyəti təsis olunmuş və bunun ardınca digər vilayətlərdə proses davam etmişdir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazaxıstanın Taldıkurqan şəhərində "Naxçıvan" Mədəniyyət Mərkəzi təsis edilmişdir. Türk xalqlarının birliyi, mədəni tədbirlər, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etməsi və s. istiqamətlərdə fəal iş aparan "Turan" Mədəniyyət Mərkəzinin analoqu olan Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı Azərbaycan ictimai mədəni cəmiyyətlərinin konqresi "Turan"-nın missiyası daha geniş və fəaliyyət işi böyükdür “Turan” konqresinin orqanı olan “Vətən” qəzeti qeydiyyatdan keçmişdir.
Qəzet Azərbaycan, qazax və rus dillərində çap olunur.Bu ölkədə eyni zamanda "Turan Ekspress" adlı qəzet də dərc edilir. Hazırda Astana, Almatı, Taldıkurqan, Qaraqanda şəhərlərində Azərbaycan dilində "Bazar günü" məktəbləri açılmışdır. Xoca Əhməd Yəsəvi adına Türküstan Universitetində hər il 10-yerə sahib olan soydaşlarımız ana dillərindən başqa qazax və rus dillərindən məişətdə istifadə edirlər.Qazaxıstanın Cambul vilayətində bu ölkədə yaşayan milli azlıqların mədəniyyət mərkəzlərinin iştirakı ilə festival keçirilmişdir. Festivalda əsasən vilayətin Çu rayonunda yaşayan 30-dan çox millətin mədəniyyət mərkəzləri nəzdində fəaliyyət göstərən incəsənət kollektivləri iştirak etmişlər. Tədbirdə səslənən Azərbaycan musiqiləri Cambul vilayətinin əhalisi tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Cambul festivalında Çu rayonunun soydaşlarımızın sıx yaşadığı Janijol (Yeni Yol) kəndində bu yaxınlarda rəsmi dövlət qeydiyyatından keçən Nəsimi adına Azərbaycan Milli Mədəniyyət Mərkəzinin nəzdində yenicə yaradılan «Azərbaycan Qızları» rəqs qrupu maraqlı və qəngarəng proqramla çıxış etmişdir.Almatıda ilk Azərbaycan məscidi də fəaliyyətə başlayıb.
Məscidin tikintisinə 70 min ABŞ dolları həcmində vəsaitin toplanmasında Qazaxıstanda yaşayan azərbaycanlı ziyalılar, elm xadimləri, konqres üzvləri, eləcə də qazaxların özləri də yardımçı olublar.Qazaxıstanda on minlərlə soydaşımız belə düşünür ki, Azərbaycan düzgün yoldadır. Yalnız iqtisadi sıçrayışla ən sivil ölkələr sırasına qoşulmaq olar. Bu təməl son 3-4 ildə İlham Əliyevin adıyla bağlıdır. Qazaxıstanda İlham Əliyev təqdir edilir və sevilir. Cənab İ.Əliyev bütün türkdilli ölkələrin prezidentləri arasında ən cavanı, enerjilisi və perspektivlisi olmaqla türksoylu xalqlar ona ümid yeri kimi baxırlar. «Qazaxıstanda çoxlu sayda azərbaycanlı yaşayır. Onlar respublikadakı həyat səviyyəsindən razıdırlar, ölkənin səadəti uğrunda çalışaraq sülh və əminamanlıq şəraitində yaşıyırlar» - deyə Azərbaycan prezidenti İlham Əliyev «Kazİnform»a müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, Qazaxıstan Nursultan Nazarbayevin siyasəti və çoxmillətli xalqın tolerantlığı sayəsində həmvətənlərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər nümayiş etdirir.
«Qeyd etmək istərdim ki, heç də hər ölkə bununla fəxr edə bilməz, buna görə də siz fəxr etməlisiniz ki, ölkənizdə bütün millətlər bir ailə kimi yaşayır» - deyə Əliyev bildirib. Prezident qeyd edib ki, güclü diaspor təşkilatları ölkənin milli maraqlarını müdafiə etməyə kömək edir. «Hazırda biz bütün Azərbaycan diaspor təşkilatlarının strukturizasiyasını başa çatdırmışıq, iki dəfə dünya azərbaycanlılarının qurultayını keçirmişik. Dünyada 50 mln.-dan çox azərbaycanlı yaşayır və əlbəttə ki, güclü Azərbaycan dövləti bütün həmvətənlərimz üçün dayaq olmalıdır» - deyə dövlət başçısı bildirib. Bundan irəli gələrək Qazaxıstan azərbaycanlıları Azərbaycanla intensiv əlaqə saxlayırlar və inanmaq olar ki, kütləvi informasiya sahəsində gələcəkdə xeyli uğurlar əldə olunacaq.
ƏLAVƏ: Qazaxıstandakı Azərbaycanlıların təşkilatları
- "Turan" Azərbaycan Mədəniyyət Mərkəzi
- “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Naxçıvan” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Xəzər” İctimai Birliyi
- “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Namus” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Heydər” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Vətən” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Novruz” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Novruz” Azərbaycan Mədəniyyət Mərkəzi
- “Dostluq-Azərbaycan” Azərbaycan Mədəniyyət Mərkəzi
- Azərbaycan Mədəniyyət Mərkəzi
- Azərbaycan Mədəniyyət Mərkəzi
- Azərbaycan Mədəniyyət Mərkəzi
- Azərbaycan Gənclər Təşkilatı


