Müasir dövrümüzdə terrorizm bir ölkə çərçivəsindən çıxmış bütün beynəlxalq aləmdə qlobal şəkildə yayılmış, terrorizm iqtisadiyyatı, siyasəti və sosial həyatın bütün sahələrini əhatə etmişdir. Müasir qloballaşma prosesində dövlətlərin iqtisadi, siyasi cəhətdən bir-birinə inteqrarasiyası terrorizmin sərhədləri dağıdaraq bütün beynəlxalq aləmdə təhlükə yaratması ilə müşayiət olunur.
Bu gün qloballaşma sanki terrorçuların əl-qolunu açır. Bu mənada, onlar maddi-texniki və maliyyə cəhətdən çox yüksək səviyyədə təmin olunaraq bütün dünya sivilizasiyasına təhlükə törədirlər. Müşahidələr göstərir ki, terrorçular törətdikləri cinayətlərə görə – siyasi, milli, beynəlxalq, ideoloji, etnik, dini, dövlət, hərbi, hava və s. növlərə ayrılırlar.Sovet İttifaqı dağıldıqdan sonra çoxları belə fikirləşirdi ki, artıq rahat nəfəs almaq olar; artıq Qərb - Şərq nüvə qarşıdurması sona çatdı, dünya liberal və demokratik prinsiplərlə yaşaya bilər. Lakin Sovet İttifaqının dağıdılmasından ötən 10 il göstərdi ki, qarşıdurma başa çatmamışdır; əksinə, yeni mərhələyə qədəm qoymuş, yeni forma və məzmun almışdır. XX əsrin 90-cı illərində baş vermiş hadisələr - Yaxın Şərqdəki hərbi əməliyyatlar, Yuqoslaviya müharibəsi, NATO-nun Şərqə doğru genişlənməsi, iqtisadi böhranlar, informasiya sisteminin inkişafı və s. bu kimi hadisələr ilk baxışdan adi və təbii qarşılansa da, əslində bu hadisələrin arxasında dünyanı qlobal şəkildə dəyişmək və «yeni dünya nizamı»na tabe etmək istəyi dururdu. Ancaq hələ hadisələrin kuliminasiya nöqtəsi - dünyanı sarsıdan 11 sentyabr hadisələri qabaqda idi.
Məşhur Argentina yazıçısı Masedonio Fernandes 90-cı illəri belə xarakterizə edir: «90-cı illərdə sanki bütün dünyada hadisələr öz adi axarı ilə baş verirdi. Sanki hadisələr tətil edirdilər. 11 sentyabr Nyu-Yorkda Dünya Ticarət Mərkəzində baş verən partlayış və ekiz qüllələrin çökməsi tətilin başa çatmasını göstərdi». Teodor Ruzvelt deyirdi: «Hadisələr öz-özünə baş vermir, onlar qabaqcadan planlaşdırılır». Bu sözləri Teodor Ruzvelt deməsəydi belə, biz ilahi bir həqiqəti onsuz da bilirdik: gözlə görünən və görünməyən hər şey Allahın iradəsi ilə baş verir. Teodor Ruzvelt isə cəmiyyətdə gedən proseslərə düzgün qiymət verir.
Yəni dünyada qlobal ssenari əsasında baş verən bütün hadisələr dövlətlər və sosial qruplar tərəfindən planlaşdırılır, elə «qloballaşma» və «yeni dünya nizamı»nın özü də. «Yeni dünya nizamı» ifadəsindəki 3 sözdən hər birinin öz mənası vardır. «Yeni» sözü bu günə qədər mövcud olan «köhnə»nin, yəni köhnə sosial-siyasi sistemin, köhnə dünyagörüşünün, köhnə adət-ənənələrin məhv ediləcəyini bildirir. «Dünya» sözü baş verəcək bu proseslərin miqyasını və onun bütün dünyanı əhatə edəcəyini göstərir. «Nizam» sözü isə hər şeyin bir ssenari ilə, özü də «qlobal ssenari» ilə, xaotik deyil, nizamla baş verəcəyinin, planlı şəkildə baş verəcəyinin göstəricisidir. «Yeni nizam» yaratmaq, xaosa son qoymaq ehtiyacından doğur. Deməli, «yeni dünya nizamı» üçün xaos və kataklizmlər zəruri şərtdir. Yenini yaratmaq üçün, köhnənin lazımsız olduğunu sübut etmək lazımdır.
Rusiyada 1917-ci ildə sosialist inqilabı baş verərkən oxşar proseslər gedirdi. Yeni sosialist cəmiyyəti qurmaq üçün kapitalizmin mənfi cəhətlərini göstərmək lazım idi. Yəni göstərmək lazım idi ki, «artıq aşağılar köhnə qayda ilə yaşaya bilmir, yuxarılar isə köhnə qayda ilə idarə edə bilmir». «Yeni dünya nizamı» və ya qloballaşma dediyimiz sistem bu günün və ya dünənin söhbəti deyil. Qloballaşma on illərlə düşünülmüş şəkildə həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Burada hər şey - bütün planet və bəşəriyyət yeni qaydalara tabe olur, qlobal biznes milli hökumətlərin vəzifələrini öz üzərinə götürür, sollar və sağlar arasında fərqlər silinir, qlobal maliyyə sistemi tərəfindən (misal üçün, Dünya Bankı) dünya iqtisadiyyatı bir mərkəzdən idarə olunur. Bir sözlə, «yeni dünya nizamı - qloballaşma» bütün dünyanın total eyniləşdirilmə siyasətidir ki, bu prosesə mane olan hər bir faktor - dini, milli ənənə və adətlər - məhv edilməlidir. Bu məhv prosesini bütün dünyamı arzu edir?! İnsanlar öz adət-ənənələrinin yox olub getməsinə belə asanlıqla razılıq verərlərmi?!
Əlbəttə, yox! Bir sıra müasir geopolitika məktəbləri dünyada hadisələrin aşağıdakı prinsiplər üzrə cərəyan etdiyi frkrindədirlər. Bir tərəfdə yeni dünya nizamını yaratmağa çalışan, təkqutblu dünya istəyən «atlantizm» ideyalarının daşıyıcısı ABŞ və onun müttəfiqləri durur, digər tərəfdə isə özünəməxsusluğunu saxlamaq istəyən və Avrasiya qitəsinin yeni güc mərkəzi kimi meydana çıxmasına çalışan, kontinentalizm ideyalarının daşıyıcısı olan ölkələr (Fransa, Rusiya, Hindistan). XXI əsrin əsas mahiyyəti də bu iki qütb arasındakı mövcud ziddiyyətlərdən ibarət olacaq. Qeyd etdik ki, «yeni dünya nizamı» yaratmaq üçün əlverişli xaos şərtləri mövcud olmalıdır. Əgər bu şərtlər mövcud deyilsə, o, süni şəraitdə yaradılacaq. Məhz bu səbəbdən, dünyada bir sıra lokal konfliktlər (İsrail - Fələstin, Qarabağ, Çeçenistan, Yuqoslaviya və s.) mövcuddur; məhz bu səbəbdən uzun illər boyu terror təşkilatlarının fəaliyyətləri pislənsə də, onlara qarşı konkret addımlar atılmır.
Məqsəd isə dünyada xaos üçün şəraitin olması və yeni nizam yaradıcısına həmişə ehtiyacın duyulmasıdır. 11 sentyabr hadisələri zamanı da belə oldu. Heç bir məhkəməsiz və sübutsuz Usamə ben Laden və onu gizlədən talibçilər günahkar elan edildilər. Cəmiyyətdə elə emosional şərait yaradıldı ki, nəinki ABŞ-ın müttəfiqləri, hətta ona dost olmayan İran, Liviya kimi ölkələr də Ben-Ladensayağı «mücahidliyi» pisləməyə məcbur oldular. Hadisədən bir ay keçməmiş ABŞ, NATO nizamnaməsinin təkbaşına hücum etmək haqqında 5-ci maddəsini rəhbər tutaraq Əfqanıstanı bombalamağa başladı.
Analoji hadisələr 1999-cu ilin sentyabrında Rusiyanın Moskva, Volqodonsk, Buynaks kimi şəhərlərində partlayışlar zamanı da baş vermişdi. Məhz bu partlayışlardan sonra Rusiya yenidən Çeçenistana daxil oldu və yeni adla - «terrorçuluğa qarşı mübarizə» adı altında hərbi əməliyyatlar başlandı. Göründüyü kimi, XXI əsrin geosiyasətinin əsas mahiyyətini terrorizmə qarşı mübarizə təşkil etməyəcək; bu, üzdə olan amildir. Əsas geosiyasi mübarizə ABŞ başda olmaqla «atlantizm bloku» ilə Avrasiyanın güc olaraq meydana çıxmasını istəyən «kontinentalizm bloku» arasında olacaq. Bu mübarizədə əsas məqsəd dünyaya yekun nəzarəti ələ almaqdan ibarətdir.
Hələlik birincilər daha mütəşəkkil, daha planlıdırlar. «Kontinental blok»da isə mütəşəkkillik lazımı səviyyədə deyil. Bu bloka daxil olan ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsində köklü fərqlər mövcuddur, onların arasında fikir ayrılıqları da yox deyil. Birincilər hərbi cəhətdən daha təşkilatlanmış təsir güçünə malikdirlər. Ən azından ABŞ-ın əlində hərbi təsir güçünə malik NATO kimi vasitə vardır. Dünyanın əsas maliyyə institutları da bu blokun təsiri altındadır. Kontinentalistlər bu gün belə təsir vasitələrinə malik olmasalar da, artıq gələcək planların cizgiləri görünməyə başlayır. Gələcək planlar isə Avropanı ABŞ-ın təsirindən çıxarmaq, Avrasiya qitəsini gücləndirmək və ABŞ-a qarşı dayana biləcək ikinci böyük güc mərkəzini yaratmaqdan ibarətdir. Yəni XXI əsrin geosiyasətinin ən əsas hədəfi Avrasiya qitəsi olacaq. Bu barədə Zbiqnev Bjezinskinin söylədiyi sözlərdə həqiqət vardır: «Kim Avrasiyaya sahib olacaqsa, o bundan sonra dünyaya sahib olacaq. Razılaşmamaq mümkün deyil: dünya əhalisinin 75 %-i Avrasiyada yaşayır, dünya ümumi daxili məhsulunun 60 %-i Avrasiyaya məxsusdur».
Deməli, Hantinqtonun dediyi kimi, təkcə sivilizasiyalar toqquşmur, sivilizasiyadaxili toqquşmalar da baş verir. Bu qlobal toqquşmalar, geosiyasətlərin və maraqların toqquşmasıdır. Artıq, qlobal toqquşmalar açıq müstəviyə keçmişdir. Bu prosesin ən bariz nümunəsi ABŞ və Avropa arasında fikir ayrılıqlarının meydana çıxmasıdır. Avropa güc olaraq meydana çıxır və ABŞ-ın dediyi ilə oturub-durmaq istəmir. Hazırda Avropada olan bir sıra «geopolitik cərəyanlar» (Karl Xausxofer cərəyanı, Robert Stoykers cərəyanı) açıq-aşkar «Böyük Avropa» təşəbbüsü ilə çıxış edirlər. Onların fikrincə, Avropa Avrasiya qitəsində təşəbbüsü ələ almalı, geosiyasi və geoiqtisadi prioritetlər Paris-Berlin-Moskva-Dehli-Tokio xətti üzrə həll olunmalıdır. Bu, gələcəkdə ABŞ hegemonluğunun və təkqütblü dünya yaranmasının qarşısını almaq üçün yeganə vasitə kimi qəbul edilir.
Təbii ki, Avropada və ABŞ-da yaxşı başa düşürlər ki, siyasi cəhətdən vahid Avropanın yaranışı, ABŞ-ın planetar hegomonluğu qarşısında maneəyə çevrilə bilər və çevrilir də. Avropa ilə ABŞ arasında ən böyük yarış Avrasiya uğrundadır. Bu yarışın ideoloji əsasını Fransanın keçmiş prezidenti De Qollun «kontinentalizm» ideyası təşkil edir. De Qollun mənsub olduğu ölkə - Fransa Almaniyanı da bu işə cəlb edərək, Avrasiyanın birləşdirici rolunda çıxış etmək istəyir. Fransız geosiyasətçiləri Avrasiya inteqrasiya prosesinə Moskva-Dehli-Tokionun da qoşulmasını istəyirlər. Onların fikrincə, Avrasiyanı nəzarətdə saxlamaq üçün güclənən ABŞ-Çin əməkdaşlığının qarşısını Hindistan-Yaponiya paktı ala bilər. Çünki, hər iki ölkənin Cənub-Şərqi Asiyada güclənməsini istəməyən Çin ilə rəqabətləri mövcuddur.
Avropada digər maraqlı fikir də mövcuddur. Fransız geosiyasətçisi Aleksandr Delval özünün «İslamçılıq və ABŞ: Avropaya qarşı ittifaq» əsərində yazır ki, ABŞ Avropanın Avrasiyada möhkəmlənməsinin qarşısını almaq üçün İslam faktorundan, xüsusi halda vəhhabilikdən istifadə edir. Bu fikir belə davam edir: «Talibçiləri Pakistan vasitəsilə Əfqanıstanda siyasi hakimiyyətə gətirmiş ABŞ istənilən an bu ölkədən Avrasiyadakı iqtisadi-siyasi proseslərə müdaxilə üçün istifadə edə bilər». Avropa və ABŞ-ın Yaxın Şərqdəki «sülh prosesi»nə də baxışları müxtəlifdir. Avropa Birliyi ölkələri İsrailə münasibətdə fərqli mövqe nümayiş etdirirlər və kor-koranə onu müdafiə etmirlər. Burada birinci səbəb neft deyil; o, ikinci səbəbdir. Birinci səbəb Yaxın Şərqin yerləşdiyi coğrafi məkanın siyasi əhəmiyyətindədir. Bu elə bir coğrafi ərazidir ki, buraya həm Atlantik okeanı, həm də Hind okenanı eyni dərəcədə yaxındır.İkinci amil təbii ki, neftdir. Avropanın əksər ölkələrində neft olmadığından, bu ölkələr neftli ərazilərə möhtacdırlar. Lakin Avropa nefti ikinci şəxsin əlindən, yəni ABŞ-ın icazəsi ilə almaq istəmir. O, daha yeni strategiya seçərək, ərəb ölkələri ilə (bura İranı da daxil etmək olar) münasibətləri istiləşdirmək istəyir. Müasir dövrün iri geosiyasətçilərindən biri Yordis Fon Lohouzen «Körfəzdə müharibə Avropaya qarşı müharibədir» adlı əsərində yazır:
«ABŞ neftli torpaqlara sahib çıxmaqla, bütün dünyanı, xüsusilə də Avropa və Yaponiyanı həmişə özündən asılı vəziyyətdə saxlamaq istəyir». Eyni nəzəriyyə hələ 1975-ci ildə Henri Kissincer tərəfindən irəli sürülmüş, «neftə sahib olmaq» başlığı altında «Harpers maqazin» jurnalında çap olunmuşdu. Avropa eyni münasibəti Qafqazda da göstərir. Roma imperiyasının dağılmasından bu yana, ilk dəfə olaraq vahid maliyyə siyasəti yeridərək, «avro»nu dövriyyəyə buraxan Avropa, özünün təhlükəsizlik məsələlərinə də fərqli yanaşmağa başlamışdır. Avropa indi öz təhlükəsizliyini ABŞ-ın üstün rola malik olduğu NATO çərçivəsində deyil, Birləşmiş Avropa Təhlükəsizlik Qüvvələri vasitəsilə təmin etmək istəyir. Uzun-uzadı misallar çəkməkdə məqsədimiz yeni xarakterli ziddiyyətin yaranmasının fakt olduğunu göstərməkdir. Bu qlobal ziddiyyətlər fonunda regional konfliktlər ikinci plana keçir və vasitə rolunu oynayır (İsrail-Fələstin, Qarabağ konfliktləri, Əfqanıstandakı hərbi əməliyyat kimi).
Bu ziddiyyətlər uzun müddət gizli qala bilməzdi; indi o, açıq müstəviyə keçir. Avrasiya uğrunda rəqabət artır və burada 11 sentyabr hadisələri katalizator rolunu oynayır. XXI əsrin qlobal ziddiyyətləri fonunda ilk müharibə meydanı kimi Əfqanıstan seçilir. Niyə məhz Əfqanıstan döyüş meydanı kimi seçildi? Bu ölkədə nə neft var, nə də infrastruktur. Ölkədə dəmiryolunun ümumi uzunluğu 5 km-dir. Əfqanıstan Mərkəzi Asiyanın ən maraqlı müsəlman ölkələrindən biridir. Artıq iki əsrdən çoxdur ki, bu ölkə daxili qarşıdurmalar və müharibələr meydanına çevrilərək, bütün dünyanın diqqətini özünə cəlb edir. Son 20 ildə bu ölkədə müharibələr, daxili çəkişmələr aramsız davam etmiş, ölkə iqtisadiyyatı və infrastrukturu dağıdılmış, əhalinin yaşayış səviyyəsi ən aşağı həddə enmişdir.
Əfqanıstanda 30-dan çox dildə danışan millətlər - pustunlar, taciklər, xəzəreylər, özbəklər, caroymaklar, türkmənlər, nuristanlılar, bəluclar, induslar və b. yaşayır. 1747-ci ildə mərkəzləşmiş dövlət yaradıldıqdan sonra ölkə «Xorasan» adlanırdı. İndiki Əfqanıstan adı isə ilk dəfə olaraq İran ilə Böyük Britaniya arasında 1801-ci ildə imzalanmış müqavilədə öz əksini tapır. 1919-cu ildə ölkə müstəqilliyini elan etdikdən sonra indiki əraziləri və indiki adı ilə tanınmışdır. Qeyri-rəsmi statistikaya görə, Əfqanıstanın büdcəsi heç 100 min ABŞ dollarına da çatmır. Gəlirin çox hissəsi isə narkotik bitkilərin əkilməsindən əldə edilir. bütün dünyada istehsal olunan tiryəkin 75 %-i Əfqanıstanın payına düşür («Nezavisimıye voyennıye obozreniya» jurnalı, 2000/26). Əfqanıstanda baş verən hadisələrə ilk baxışda sadə yanaşmaq olar. Yəni düşünmək olar ki, ABŞ Əfqanıstanı «əl-Qaidə» təşkilatına sığınacaq verdiyinə görə bombaladı. Ancaq əslində, bu ölkədə bas verən proseslər Əfqanıstan sərhədləri çərçvəsinə sığmır və onu aşır. Əfqanıstan məsələsi Avrasiyada və demək dünyada hegemonluq uğrunda qlobal mübarizə zəncirinin bir halqasıdır. ABŞ-da dəqiq anlayırlar ki, dünya hegemonluğu yolunda yeganə maneə, Avrasiyanın oyanışı və birləşməsi olacaqdır.
Hadisəyə operativ müdaxilə üçün Avrasiyanın özünü parçalamaq və hadisələri oradan idarə etmək lazım gəlir. Bu baxımdan 11 sentyabr hadisələrini adi hal kimi qiymətləndirənlər yanılırlar. Yuxarıdakı sualımızı bir daha təkrar edək: Qlobal toqquşma meydanı kimi niyə məhz Əfqanıstan seçildi? Burada ilk səbəb kimi tarixdən gələn prosesləri və Əfqanıstanın etnik durumunu göstərmək olar.Əfqanıstan adlı ölkə indiki sərhədləri çərçivəsində XIX əsr boyu ingilislər tərəfindən yaradılmışdır. 1801-ci ildə Əfqanıstan indiki ərazilərinin cənub-şərqini və indiki Pakistanın cənub-qərbini əhatə edirdi. Rusiyanın Orta Asiya torpaqlarını ələ keçirməsi və Hindistanı hədəf seçməsi İngiltərəni tədbir görməyə və rusların nəzarət etdiyi torpaqlarla ingilislərin nəzarət etdiyi torpaqlar arasında bufer zona (neytral zona) yaratmağa məcbur edirdi. Belə bufer zonalardan biri Əfqanıstan oldu. 1869-cu ildə ingilislər belə bir təkliflə çıxış etdilər və ruslar bu təklifi qəbul etdilər. 1895-ci ildə Rusiya ilə Əfqanıstan arasında indiki sərhədlər müəyyənləşdirildi. O zamandan bəri bu regionda çox dəyişikliklər baş vermişdir. Britaniyanın müstəmləkəsi olan Hindistan ərazisində iki dövlət - Hindistan və Pakistan yaranmış (1947-ci il), Əfqanıstanda daxili çəkismələr ara verməmişdir. Lakin dəyişməyən bir şey qalır: Əfqanıstan Avrasiyadakı orta-coğrafi mövqeyinə görə bufer rolunu itirməmişdir. Məhz bu ərazilərdən istifadə etməklə Avrasiyanın müxtəlif ərazilərinə təsir etmək mümkündür. ABŞ bunu bilir və qiymətləndirir.
Əfqanıstan əhalisinin etnik tərkibinin də həddən artıq müxtəlif olması həmin ölkədən geosiyasi maraqlar üçün istifadəni asanlaşdırır. İkinci səbəb kimi radikal islamçılıq, daha doğrusu, vəhhabilik çıxış edir. Bu faktor da ABŞ-ın Əfqanıstana gəlişini asanlaşdıran amillərdən biridir. əslində bir sıra ölkələrdə, xüsusi halda, Əfqanıstanda radikal islamçılığı və vəhhabiliyi təşviq etmək ilk növbədə ABŞ-ın işinə yarayır. Heç kimə sirr deyil ki, talibçiləri Əfqanıstanda hakimiyyətə gətirən ABŞ və Pakistan olmuşdur. Əfqanıstanda uzun illərdən bəri hərbi düşərgələr quran «əl-Qaidə» təşkilatı və onun rəhbərliyinin də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığı haqqında fikirlər mövcuddur. Məlumdur ki, talibcilər 1996-cı ildə Əfqanıstanda hərbi yolla siyasi hakimiyyətə gətirilmisdilər. Həmin dovrdə «əl-Qaidə» təşkilatı və onun lideri Usamə Ben Laden Əfqanıstanda məskunlaşmışdı. Hələ 11 sentyabr hadisəsinə qədər, Keniya və Nigeriyadakı ABŞ səfirliklərində partlayışlar törədilməsi, Səudiyyə Ərəbistanında məskunlaşmış ABŞ hərbi bazasının partladılması «əl-Qaidə» və onun rəhbəri Usamə Ben Ladenin adı ilə əlaqələndirilirdi. O da məlum idi ki, ABŞ-ın Pakistan vasitəsilə hakimiyyətə gətirdiyi talibçilər Əfqanıstanda insanlığa və İslama zidd fəaliyyətlə məşğul idilər. Qərbdə yaxşı bilirdilər ki, Avropa bazarının 80 %-i, ABŞ bazarının 35%-i məhz Əfqanıstan heroini ilə təmin olunur. («HBO», 2000, N 32). Bu faktlar məlum olduğu halda nə üçün Əfqanıstana və «əl-Qaidə»yə qarşı antiterror əməliyyatları məhz 11 sentyabr hadisələrindən sonra başlandı? Rusiya Federasiyası Silahlı Qüvvələrinin yüksəkrütbəli bir zabitinin verdiyi məlumata əsasən, 2000-ci ilin yayından MKİ vəhhabi döyüşçüləri üçün yüksəksəviyyəli kadrların hazırlanması proqramına başlamışdı. «Newsweek» jurnalının yazdığına görə, 11 sentyabr hadisələrində günahkar bilinən 19 terrorcudan 5-i məhz bu proqram çərçivəsində aviasiya təlimləri keçmişdi. Hadisədən bir gün sonra, sentyabrın 12-də Federal Təhqiqatlar Bürosunun Usamə Ben Laden üzrə kuratorunun həlak olması da, bütün bu hadisələrin planlı şəkildə təşkil olunduğu haqqında təsəvvürlərə yol açır.
Burada təbii ki, Pakistan amilini də unutmaq olmaz. 1947-ci ildə müstəqilliyini əldə edən Pakistan üçün əsas beynəlxalq problem Kəşmir uğrunda Hindistanla yaranmış problem olsa da, digər baş ağrısı Əfqanıstan olmuşdu. 1979-cu il sovet işğalına qədər Əfqanıstan Pakistanın ərazi bütövlüyünü tanımaqdan boyun qaçırırdı. Bunun əsas səbəbi Pakistanın puştunlar yaşayan qərb ərazilərinə Əfqanıstanın iddialı olması idi. 1979-cu ildə sovet qoşunlarının Əfqanıstana daxil olması Pakistan üçün göydəndüşmə hədiyyə oldu. Pakistan Asiyada kommunizmlə mübarizə plasdarmına çevrildi və bunun əvəzində 80-ci illər ərzində ABŞ-dan üst-üstə 8 mlrd. dollar həcmində maliyyə vəsaiti aldı. Digər tərəfdən, Pakistan 3 milyon əfqana öz ərazisində sığınacaq verməklə, onlardan gələcək üçün istifadə etməyi planlaşdırırdı. Belə də oldu. Məhz bu qaçqınların içərisindən çıxanlardan taliban hərəkatı yaradıldı və bu, Əfqanıstanı Pakistandan daha da asılı vəziyyətə saldı. Göstərilən faktlar bu nəticəyə gəlməyə əsas verir: radikal islam və vəhhabilik məsələsinin qəsdən təşviq edilməsində məqsəd, ABŞ-ın qlobal rəqiblərini İslam və terror əli ilə vurmaq, «sözə baxmaz müsəlman ölkələri»ni də İslam faktoru ilə cəzalandırmaq və lazımi xaos yaratmaq, qlobal strategiyanı həyata keçirmək istəyindən ibarətdir. Döyüş meydanı kimi Əfqanıstanın seçilməsinin üçüncü səbəbi bu ölkənin Avrasiyadakı əlverişli geosiyasi mövqeyi ilə bağlıdır. Bu ölkəyə gəlməklə, Avrasiyadakı bütün vacib proseslərə və bütün həmsərhəd ölkələrə nəzarət etmək mümkündür. ABŞ-ın Əfqanıstanda hərbi və siyasi mövcudluğu, ona güclənməkdə olan Çinə (bu ölkə artıq dünya ÜDM-nın 12%-i verir), nüvə silahına malik Hindistana, anti-amerika mövqeyi tutan İrana, nüvə arsenalına malik, soyuq müharibənin varislərindən biri olan Rusiyaya, zəngin təbii ehtiyatlara malik Orta Asiyaya nəzarət etməyə və nəticədə Avrasiyada Amerika əleyhinə gedən inteqrasiya prosesinə mane olmağa imkan verir. Bütün bunları etmək üçün, yəni Əfqanıstana lazım olan vaxtda gəlmək üçün, burada radikal İslamı, vəhhabiliyi təşviq etmək, sonra zəruri xaos yaratmaq lazım idi. Ancaq indi belə bir xaosa ehtiyac yoxdur. Əfqanıstana nəzarəti əldə edən ABŞ indi burada sabitlik istəyir. Bunun ardınca neft layihələri gəlir. Orta Asiyaya və Qafqaza nəzarət üçün Qafqazdan keçəcək bir boru xətti kifayət etmir və bu, düzgün siyasət olmazdı. Burada Əfqanıstandan və Pakistandan keçərək, Hind okeanına açılacaq ikinci bir neft kəmərinə ehtiyac meydana çıxır. Bu strategiya ABŞ-ın eyni zamanda həm Orta Asiyaya, həm də Qafqaza nəzarət etməsinə şərait yaradır (Məsələyə məntiqlə yanaşanda Azərbaycanın, Gürcüstanın və Türkiyənin də Əfqanıstanda maraqları üzə çıxır. Bu ölkələr bütün Xəzər neftinin onların ərazilərindən keçməsi üçün, Əfqanıstanda sabitlik yaranmasında maraqlı deyillər). Beləliklə, boru kəməri strategiyası ABŞ-ın regiona uzun müddətə gəlməsinə və böyük bir areala nəzarəti ələ keçirməsinə səbəb olur. Burada Rusiya və İranın mövqeləri də maraq doğurur. Bu ölkələrin strateqləri, ABŞ-ın Əfqanıstan və boru kəməri strategiyasının hansı məqsədlər daşıdığını yaxşı başa düşürlər. Ona görə də, hər vəchlə buna mane olmağa çalışırlar.
Avrasiyada geniş ərazini tutan Rusiyanın mövqeyindən çox şeylər asılı olacaq. O, iki tərəfdən birini seçməlidir: ya atlantizmi, ya da kontinentalizmi.Antiterror əməliyyatları çərçivəsində Orta Asiya respublikalarına ordu yerləşdirən ABŞ, bu ölkələrdə uzun müddət qalmalı olacaq. O, bura qalmaq üçün gəlmişdir. Bu, İslam radikalizmindən qorxan və təhlükəsizliyinə qarantiya istəyən Özbəkistana, ABŞ-a borclu olan Qırğızıstana və Əfqanıstanın müdaxiləsindən çəkinən Tacikistana da sərf edir. Dünyada qlobal dəyişikliklərin şahidi oluruq. Bu dəyişiklikləri hamı eyni dərəcədə hiss etməsə də, o baş verir. Qlobal ssenarilər əsasında gedən dəyişikliklərin baş verməsi üçün zəruri xaosa ehtiyac var idi. Xaos - 11 sentyabr hadisələri və Əfqanıstanda antiterror əməliyyatı oldu. Separatizm beynəlxalq terrorizmin bir hissəsidir. Bu gün beynəlxalq terrorizm milli, dini zəmində inkişaf edərək özünü etnik separatizm kimi təzahür etdirir. Etnik separatizm özünü onda göstərir ki, hazırda dünyada 3000 müxtəlif etnik qrup və xalq yaşayır ki, onlardan yalnız 300 min öz dövləti və muxtariyyəti vardır.
Asiya, Afrika və Avropa dövlətlərində öz tərkib hissələrinə görə parçalanmış xalqlar uzunmüddətdir ki, vahid bir dövlətin çərçivəsində yaşayırlar. Bu da etnik separatizm təkcə milli çərçivə daxilində yox, eyni zamanda əmin-amanlıq şəraitində yaşayan xalqlar üçün də qlobal xarakter daşımasına əsas verir.Bilirik ki, separatizm çoxmillətli dövlətlərin tərkibində yaşayan azsaylı xalqların ayrılaraq müstəqil milli dövlət, vilayət yaradılmasına cəhd göstərmələridir. Hazırda erməni terrorçuları, dünyanın elə bir ölkəsi yoxdur ki, orda öz təşkilatlarını yaratmasınlar. Onlar özgə torpaqları hesabına «Böyük Ermənistan» dövləti yaratmaq istəyirlər. Bu bədxahlar ona görə də hər yerdə terrorçuluq edir, minlərlə günahsız insanların qətlinə səbəb olurlar. Bu gün qloballaşma dövründə erməni terrorizmi dünya sivilizasiyası üçün böyük təhlükədir. Onlar digər terror təşkilatları ilə əlaqə yaradır və öz məqsədlərinə nail olmaq üçün dəridən qabıqdan çıxırlar. Məsələn, Fələstin və erməni terrorçü dəstələri artıq 30 ildən çoxdur ki, həmkardırlar. Heç təsadüfi deyildir ki, Ərəfat «Əl-ayam» qəzetinə müsahibəsində demişdi ki, «biz və ermənilər bir xalqıq», bu sözlər erməni terrorçularının və onlarla birlikdə satqın və ikiüzlü Fələstin terrorçularının məkrli siyasətlərini açıb göstərir.
Qeyd etmək lazımdır ki, «Daşnaksutyun», «Asala» və digər erməni terrorçu təşkilatları Yaxın Şərqdə «Əl-Kaidə» ərəb terrorçu təşkilatı ilə sıx əməkdaşlıq edir, birlikdə iş aparırlar. Onlar Qarabağ müharibəsində bu təşkilatların köməyindən istifadə etmişlər.Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi erməni-ərəb terrorçu təşkilatlarını fəallaşdırmışdır. Yaxın Şərqdə yaşayan etnik ermənilər müxtəlif üsullardavn istifadə edərək, bu neft kəmərinin çəkilişinə maneçilik törətmək istəyirlər. Məhz buna görə də onlar Azərbaycanın işğal edilmiş ərazilərindən istifadə etmək istəyirlər. Məhz bu terrorçular bu gün bir Azərbaycan xalqına qarşı deyil, dünya sivilizasiyasına təhlükədir.Beynəlxalq terrorizm cəmiyyətə, dövlətə və bütövlükdə insanlara, onların həyatlarını məhv etməyə qarşı çevrilmişdir. Müasir terrorizm xarakterik cəhətlərindən biri də yaşayış yerlərində günahsız insanları terror aksiyalarının qurbanı etmələridir İnsanların hüquq və azadlıqlarının terror təhlükəsi nəticəsində pozulması ilə əlaqədar ABŞ-ın keçmiş prezidenti F.Ruzvelt demişdir. Terror aktları (insanların hüquq və azadlıqlarına qarşı) birbaşa və dolayısı yolla həyata keçirilir.Birbaşa insan haqlarının pozulması, yəni onları azadlıqdan məhrum etmə, girov götürmə, öldürmə, əmlakını qarət etmə və s. misal ola bilər.
Dolayısı yolla terrorçuluğa vətəndaşların hüquq və azadlıqlarının pozulması, milli dövlət çərçivəsindən çıxaraq beynəlxalq hüquq normalarına zidd olaraq vətəndaşların zorakılığa məruz qalmaları və dövlətin buna qarşı qəbul etdiyi sanksiyalar və mübarizə metodları və s. daxildir. Bu zaman dövlət terrorirzmə qarşı əhalinin yaşadığı ərazilərdə fövqəladə vəziyyət elan edərək, vətəndaşların pozulmuş hüquqlarının bərpasına çalışır. Məsələn, 2001-ci il 11 sentyabr terror aksiyasından sonra ABŞ və Fransa elə bir qanun qəbul etdi ki, o, məhkəmənin sanksiyası olmadan belə, polisə bütün nəqliyyat vasitələrində yoxlama və axtarışlar aparılmasına icazə verdi. Almaniyada isə məxfi xidmət orqanlarına və polisə tapşırıldı ki, rabitə və telefon qovşaqlarındakı danışıqlara qulaq asılmasına qoyulmuş hədd zəiflədilsin. İngiltərədə şübhəli görünən terrorçuları hakimin qərarı olmadan istənilən vaxtı tutmağa göstəriş verildi.XX əsrdə qlobal şəkildə yayılmış beynəlxalq terrorizmə qarşı mübarizə 1993-cü ildə Venski deklarasiyasında və insan hüquqlarının qorunması ilə bağlı Ümumdünya konfransının qəbul etdiyi Proqramda öz ifadəsini tapdı. Bu sənədlərdə beynəlxalq terrorizm onun forma və praktiki aşkarolma metodları, demokratiya və insanların azadlığı, həyatı üçün təhlükə törətdikləri göstərilirdi.Onu da qeyd etmək lazımdır ki, son illərədək BMT terrorizmi və onun insanlığa qarşı çevrilmiş təhlükəsini tanımırdı. Onda belə qənaətə gəlmək olar ki, terrorizm təhlükəsi, onun törətdiyi cinayətlər hansı beynəlxalq qanun normalarına uyğun gəlir.


