Reklam verin!
Yuma Ailə Jurnalı

Rusiyada Azərbaycan diasporu

rusiyaHazırda dünyanın 70 ölkəsində 50 milyona yaxın azərbaycanlı yaşayır. Bütün dünya üzrəsə 150-dən yuxarı azərbaycanlı diaspor cəmiyyəti fəaliyyət göstərir. Diaspora (diaspor) yunan sözü olub xalqın (etnik birliyin) xeyli hissəsinin yaşadığı ölkədən xaricdə məskunlaşmasıdır.

 Bu gün Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr içərisində Rusiya Federasiyası xüsusilə diqqəti cəlb edir. Hal-hazırda qeyri-rəsmi statistikaya görə Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar. Rusiya ilə Azərbaycan tarixi əlaqələri X əsrdən etibarən sərhəd bağlılığı, dəniz bağlılığı və ticari əlaqələr səbəbilə inkişaf edib.

Zamanla Rusiyanın güclənməsi  səbəbilə  imperiya maraqlarına Azərbaycanın daxil edildi. Xüsusilə, Azərbaycan uğrunda Rusiya-Türkiyə-İran qarşıdurması qanlı nəticələr verirdi və bundan yerli əhali əziyyət çəkirdi. Bu səbəbdən də XIX əsrin əvvəllərindən başlayaraq, Azərbaycanın şimal hissəsində yaşayan soydaşlarımız Rusiya ərazilərinə köçməyə başlayıblar. Dərbənd, Quba, Bakı sakinləri Rusiyaya köç edən mühacirlər içərisində əksəriyyət təşkil edirlər.


Rusiya dövlətinin qüdrətli inkişaf dövrü keçdiyi zaman başqa yerlərdə olduğu kimi, Azərbaycanda da bu dövlətə köçənlər arasında ticarət və elm xadimləri var idi. Tədqiqatçı Nazim Rizvanın araşdırmasına görə 1440-1505 - Böyük Moskva knyazı III Vasili, 1530-1584. İvan Qroznı və  1672-1225-ci il I Pyotrın çarlığı illərində Rusiyaya köçən azərbaycanlı sənətkarlar, tacirlər, elm xadimləri Moskva, Sankt-Peterburq, Moskva ətrafı ərazilərdə məskunlaşırdılar.

 Azərbaycanlılar içərisində Rusiya dövlət idarələrində çalışanların barəsində dəqiq məlumat almasa da, bəziləri barədə arxivlərdə məlumata rast gəlmək olar. Rusiya Xarici İşlər Nazirliyində tərcüməçi işləmiş Nəsirov və Mirzə əbu Turab Vəzirov XVIII əsr Azərbaycan diasporunun tanınan nümayəndələri olublar. 1828-ci il Türkmənçay müqaviləsinə qədər Rusiyaya təhsil olmaq məqsədilə gedib burada daimi yaşayan soydaşlarımızdan Mirzə Abdulla Vəzirov, Mirzə Cəfər Topçubaşov, Abbasqulu ağa Bakıxanov kimi tanınmış şəxslərin adlarını çəkmək olar.   1813-1828-ci illər imzalanan Gülüstan və Türkmənçay sülh müqavilələri Azərbaycanı bir dövlət, azərbaycanlıları bir millət kimi iki hissəyə parçaladı. Rusiya tabeçiliyində qalan Şimali Azərbaycanın vətəndaşları Rus təəbəsi olurdular.

Bu səbəbdən də Rusiya ərazisində yaşayan soydaşlarımızın daimi mühacirəti tez-tez baş verdiyindən statistik araşdırmalar tam olaraq aparmaq olduqca çətin olduğundan, Rusiyada Azərbaycan diasporunun formalaşması 1991-ci ildən sonra götürülür.  Buna baxmayraq 1828-1991-ci illər arası Rusiyaya axını güclənən mühacirət prosesini təqribi olaraq aşağıdakı dövrlərə bölmək olar: 1. 1828-1918-ci illər - əsasən elm, sənət və digər işlərlə  məşğul olan Azərbaycan mühacirləri  Rusiya ərazisində say etibarı ilə seçilən icmalarını yarada biliblər. Bu illər ərzində bir çox tanınmış azərbaycanlılar imperiyanın sayılıb-seçilən insanlarından olmaqla, Rusiyanın elminə və iqtisadiyyatına yadda qalan töhfələr qoyublar.

Rusiya elmində, hərbisində və iqtisadiyyatında danılmaz rolu olan azərbaycanlılardan Əliağa Şıxlinski, Mirzə Məhəmmədəli, Hacı Kazım, Mirzə Kazım bəy, Ağababa Sadıqov, İbrahim ağa Usubov və yüzlərlə insanın adın çəkmək olar.

 2. 1922-1960-cı illər - Azərbaycan Demokratik Respublikasının süqutundan sonra bolşevik siyasi ideologiyasının tərəfdarı olan Azərbaycanın kəndli-fəhlə sinfi Rusiyaya köməyə başlayıblar. Əsasən II Dünya müharibəsi illərində və müharibədən sonrakı dövrdə Rus qadınları ilə ailə qurub burada yaşayan soydaşlarımız Azərbaycan mühacirəti ikinci dalğasının  nümayəndələridir. 

 1932-ci il repressiyaları zamanı Sibir, Mərkəzi və Orta Asiya, Rusiyanın ucqar əyalətlərinə sürgün edilən azərbaycanlıları əksər hissəsinin, vəfat etməsinə baxmayaraq, sağ qalanlar bu ərazilərdə yaşamağa məcbur olmuş və çox cüzi hissə vətənə qayıda bilmişdir. 

3. 1960-80-ci illər - Bu dövrün mühacirəti sosial və iqtisadi səbəblərlə bağlıdır. İlk olaraq Rusiyanın əyalətlərində böyük tikililər - Sibirdə Baykal-Amur magistralı, Volqaboyunda, Tümendə yeni neft yataqlarının istismarı, yeni şəhərlər salınması səbəbilə minlərlə azərbaycanlılar bura köçmüşlər. Bu mühacirət prosesinə müvafiq olaraq II Bakı, III Bakı, IV Bakı kimi anlayışlar yaranmışdı.1970-ci ildən isə Rusiyaya təhsil almağa gedib geri qayıtmayan azərbaycanlılar da çoxluq təşkil edirlər. Moskva, Leninqrad və digər iri şəhərlərə oxumağa gedən azərbaycanlılar təhsil müddəti bitdikdən sonra öz ixtisasları üzrə işləyərək  Azərbaycan icmasının ziyalı təbəqəsini təşkil ediblər. 

 4. 1991-ci ildən bu günə qədər davam edən mühacirət prosesi əsasən iqtisadi səbəblərlə əlaqəlidir. Bu tarixdən başlanan mühacirət prosesi barədə tədqiqatçı Etibar Kərimli tədqiqatlarında qeyd edir ki, bu şəxslər Rusiyanın müxtəlif şəhər və rayonlarında məskunlaşdıqdan sonra təşkilatlanma strukturu – diaspor formalaşdırılması zərurəti meydana çıxmışdır.

Hal-hazırda sayı 3 milyona çatan Rusiya azərbaycanlılarının əksəriyyəti 1991-ci ildən sonra kütləvi şəkildə bu əraziyə köçənlər təşkil edirlər. Göründüyü kimi Rusiyada Azərbaycan diasporunun formalaşması bir neçə mərhəllədən keçib. Azərbaycan Respublikası müstəqilik əldə etdikdən sonra buradakı soydaşlarımızın diaspor formalaşdırılması prosesi xüsusi intensivliklə başlanmış və hazırda proses davam etməkdədir. 1992-ci il 4 aprel Rusiya-Azərbaycan diplomatik münasibətlərin qurulmasından sonra gündəmdə duran əsas məsələ Rusiyada-Azərbaycan diasporunun durumudur. Rusiya ilə ölkəmiz arasında 1991-2003-cü illər arası münasibətlərdə bəzən soyuqluq, bəzən isə mehriban durumun olması azərbaycanlılara da öz təsirini göstərib.  Bütün bunlara baxmayaraq, Rusiyada Azərbaycan diasporunun fəaliyyəti tədqiqatçılar və analitiklərin rəyinə görə nisbətən passivdir. Rusiya azərbaycanlılarının çox hissəsin ticari işlərlə məşğul olan şəxslər tutur. Azərbaycanlılar içərisində tanınmış biznesmenlər, hüquqşünaslar, elm və incəsənət xadimləri olmasına baxmayaraq, birlik yoxdur.

Bu hadisələr fonunda Azərbaycan diasporu artıq siyasiləşmiş bir birliyi xatırladır.  Rusiyanın ən yüksək vəzifəli şəxslərinə təsir etmək iqtidarda olan şəxslərin bir çoxu passiv mövqedə durmaqdadırlar. Hələ 1987-ci ilin may ayında Rusiyadakı Azərbaycan cəmiyyətləri arasında birlik yaranması məqsədilə «Azərbaycan Cəmiyyətlərinin Koordinasiya Şurası» yaradıldı. Lakin sonradan cəmiyyətlər arasında yaranmış müəyyən problemlər səbəbilə Koordinasiya Şurası sadəcə kağız üzərində qalıb və fəaliyyətini dondurub. Hazırda Rusiyada Azərbaycan diasporu erməni və gürcülərdən zəif hesab olunur. Azərbaycanlılar Qafqazdan Rusiyaya gedənlər içərisində sayca üstünlük təşkil etmələrinə baxmayaraq, onlar arasında həmrəylik - birlik zəif şəkildə qurulub.

Bu gün Qafqazdan olan xalqlar içərisində Rusiya hüquq-mühafizə və yerli kriminal qruplar tərəfindən çox incidilənlər də azərbaycanlılardır.  Bu səbəbdən də Rusiyada bir müddət azərbaycanlılara qarşı başlanan təzyiqlər, bir qrup soydaşımızın vətənə geri göndərilməsi, kriminal zəmində baş verən cinayətlər səbəbilə qətl edilən soydaşlarımız və digər hadisələrin əsas günahın Azərbaycan diasporunun daxilində axtarmaq lazımdır. Lakin məsələ göründüyü kimi qəliz və mürəkkəb deyil. Xüsusilə son zamanlar Rusiyada Azərbaycan diasporunun bəzi fəaliyyəti diqqətəlayiqdir ki, bunlara Moskva, Sankt-Peterburq kimi şəhərlərdə Azərbaycan günlərinin keçirilməsi azərbaycandilli qəzetlərin nəşrini aid etmək olar. Həmyerlilərimizin Rusiyada  ticarətlə məşğul olmalarından qazanılan maliyyənin Azərbaycanda dövriyyədə olması ölkə iqtisadiyyatının inkişafına bir növ təkan verir. Ticari məqsədli Rusiyaya mühacirət edən soydaşlarımızın pərakəndə fəaliyyət göstərməməsi üçün imkanlı azərbaycanlı sahibkarlar çıxış yolları axtarıb tapmaqdadır. 

 Bu məqsədlə bəzi sahibkarlar Rusiya azərbaycanlılarının ticarət assosiasiyası yaradılması məsələsini gündəmə gətiriblər. Bu iş reallaşacağı  təqdirdə azərbaycanlı iş adamları arasında əlaqələr asanlaşmaqla ticari riski azaldaraq. Azərbaycan mətbuatının sayının və tiracının artırılması məsələsi Azərbaycan diasporunda müzakirə olunan məsələlər içərisində prioritet mövzu təşkil edir. Dövlət tərəfindən Rusiyada baş verən hadisələrə isə diqqətin son zamanlar artması görünür. Düzdür, ilk əvvəllər Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan səfirliyindən narazılığını bildirsə də, bu anlaşılmaz vəziyyət yoluna qoyulmaqdadır. 

 Hazırda Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə çalışan 13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi «Ümumrusiya Azərbaycanlılar Konqresi», «Rusiya Azərbaycanlılarının Federal Milli Mədəniyyət Avtonomiyası» FNKA-Azerros ətrafında Azərbaycan Cəmiyyətləri və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində filialları  var. Rusiyada Azərbaycan diaspor təşkilatları 89 obyektin hamısında fəaliyyət göstərir. Əsasən Moskva ətrafı və Sankt-Peterburqda çoxluq təşkil edirlər. Rusiyada Azərbaycan təşkilatlarından aşağdakıların adını çəkmək olar:

 1. «Ocaq» Mədəniyyəti Cəmiyyəti - Rusiyada azərbaycanlıların yaratdıqları ilk təşkilatlardandır. Əsasən ziyalılardan ibarət olan cəmiyyət mədəni-kütləvi tədbirlər keçirir, azərbaycanlıların hüquqlarının müdafiəsilə məşğul olur. 1989-cu ilin oktyabrında Moskva şəhər sovetindən rəsmi qeydiyyat alan cəmiyyətin digər diasporlar ilə mədəni əlaqələr yaranmaqdadır. "Ziya" və "Çıraq" qəzetləri nəşr edib. 

2. Əhli-beyt İslam Cəmiyyəti - 1995-ci ildə fəaliyyətə başlayan cəmiyyət 2002-ci ili mart ayında Rusiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Cəmiyyət əsasən dini işlərlə - azərbaycanlılarla din qaydalarının öyrədilməsi, ziyarətə gedən soydaşlarımıza yardımçı olması, Azərbaycan-Rusiya arasında hərtərəfli münasibətlərin normallaşması və s.-ilə məşğul olur.

 3. Vətən Cəmiyyəti - 2000-ci ilin yanvarında təsis olunan Cəmiyyət Moskva və Moskva ətrafında yaşayan azərbaycanlıları ətrafında toplayıb. Əsas fəaliyyət məqsədi - Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, mədəni-kütləvi tədbirlər keçirməkdədir. Rusiyanın digər vilayətlərində Azərbaycan Cəmiyyətlərinin yaradılmasında yardımçı olur. 

4. Nizami Cəmiyyəti - 1988-ci il 5 mayında "Odlar Yurdu" kimi Ulyanovsk şəhərində fəaliyyətə başlayan cəmiyyət sonradan Ədliyyə Nazirliyindən Nizami" cəmiyyəti kimi qeydiyyatdan keçib.   Ətrafında 35 min soydaşımızı birləşdirən cəmiyyətin əsas məqsədlərinə Azərbaycan milli kimliyini, dilini, adət-ənənələrinin qorunub saxlanması daxildir. Soydaşlarımıza sosial-iqtisadi və hüquqi köməklik göstərməkdədir. Ulyanovsk şəhərində aktiv fəaliyyət göstərən cəmiyyət "Qolos Azerbaydcana" qəzetini nəşr edir. 

5. Bakılı Cəmiyyəti - 1992-ci ildə Rusiyada Azərbaycan səfirliyinin təşəbbüsü ilə təsis olunan cəmiyyət "Bakılı Mədəniyyət Cəmiyyəti"nin Moskva şöbəsi kimi fəaliyyət göstərir. Əsas fəaliyyət məqsədlərinə - maarifçilik, mədəni tədbirlər, müxtəlif səpkili sərgilər, görüşlər, seminarlar təşkil etməkdir. Ətrafında əsasən Bakıdan olan azərbaycanlılar, yəhudilər, ruslar və digər millətləri toplayan Bakı Cəmiyyəti Azərbaycan-Rusiya dostluq əlaqələrinin möhkəmləndirilməsinə çalışır.

 6. Azərbaycan Mədəniyyəti Cəmiyyəti - Sankt-Peterburq şəhərində 1990-cı ildə təsis olunmuşdur. Cəmiyyət mədəni, informasiya, təbliğat işlərilə məşğul olur. Azərbaycan diasporu nümayəndələri arasında fəal iş aparan cəmiyyət 1990-cı il 7 fevralda "Svetlana" adlı qəzet nəşr etmiş və bu xüsusi buraxılış Azərbaycan həqiqətləri barədə məlumatlar Sankt-Peterburqlu soydaşlarımıza çatdırmışdır. Adları çəkilən təşkilatlardan başqa Rusiya Federasiyasında bir çox  digər diaspor təşkilatları da  fəaliyyət göstərir. Rusiyada fəaliyyət göstərən azərbaycan diaspor təşkilatları və cəmiyyətlərini ətrafında birləşdirən iri qurumlar aktiv işlə məşğul olur. Belə qurumlardan böyüyü və geniş imkanlara malik olanı Ümumrusiya Azərbaycanlıları Konqresidir. ÜAK 2001-ci il martın 5-də Moskva şəhərində təsis olunub. Azərbaycan və Rusiya rəsmi dövlət strukturları tərəfindən tanınan konqresin Rusiyanın 60-dan çox şəhərində strukturu formalaşıb. Rusiyanın demək olar ki, bütün iri şəhərlərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətləri konqresin kollektiv üzvüləridir. Hazırda konqres "Konqress Azerbaydcanüev" qəzeti nəşr edir. www.rosazcongress.ru internet saytını yaradıb. ÜAK-ın təşəbbüsü ilə Tümendə yerli televiziyasında Azərbaycan dilində verilişlər yayılır. ÜAK-dan başqa Rusiyada Azərbaycan diaspor təşkilatlarını ətrafında birləşdirən böyük qrumlardan biri də Rusiya Azərbaycanlılarının Milli Mədəniyyət Avtonomiyası (FNKA-AZERROS) - birliyidir. 1999-cu ildən fəaliyyətə başlayan AZERROS-lə həmin ilin 10 oktyabrında Rusiya Federasiyası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qurum Rusiya hökuməti və Dövlət Duması yanında ölkə prezidenti V. Putinin fərmanı ilə yaradılan Məsləhət Şurasının üzvüdür Hazırda AZERROS - "AZERROS-Azerbaydcanüı Rossii" qəzetini və www.azerros.ru  İnternet saytını himayə edir.

AZERROS-un qarşıda duran işlərinə Moskvada Beynəlxalq uşaq yaradıcılıq akademiyası yaratmaq və KİV - orqanlarının sayını artırmaq və lobbiçilikdir. Adları çəkilən iri qrumlardan digər siyasi qurumlarda fəaliyyət göstərir ki, onların ətrafında müəyyən təşkilatlar toplaşıb. Rusiyada Azərbaycan diasporuna məxsus KİV orqanlarının fəaliyyəti bir o qədər qənaətbəxş hesab olunmur. Belə mətbu orqanlarının çoxu sayca az tiracla, rus və Azərbaycan dilində kiril və latın qrafikası ilə ilə nəşr olunur. Maliyyə cəhətdən zəif təmin olunan Azərbaycan qəzetləri Rusiyada mətbuat üçün yaradılan əlverişli şəraitdən məharətlə istifadə edə bilir.  Son zamanlar isə Rusiya azərbaycanlıları arasında kriminal əyləncə mövzulu "Sarı mətbuat" daha populyardır. Siyasi qəzetlərə marağı olmayan azərbaycanlılar Azərbaycan və Rusiya xəbərlərinə diqqətsiz yanaşırlar. Rusiyada alver edən soydaşlarımız isə ümumilikdə siyasi-ictimai işlərdən uzaq olduğu qədər də, bu mövzunu mətbuat orqanlarına yaxın durmurlar.  Dizayn cəhətdən və ümumi orfoqrafik cəhətdən xeyli zəif olan Azərbaycan qəzetləri həftəlik, aylıq nəşr olunur.

 Hal-hazırda Rusiyada Azərbaycan diasporuna məxsus qəzetlər aşağıdakılardır: "Azərbaycan Konqresi", "Azəri", "AZƏRROS - Rusiya azərbaycanlıları", "Azərbaycanın səsi", "Millətin qəzeti", "Turan", "Son variant", "Rusiya azərbaycanlıları", "Vətən" və s. Rusiyda Azərbaycan diasporunun ana dilində təhsil almaları üçün 157 saylı Azərbaycan dili təmayüllü məktəbi var.  Rusiya paytaxtında ümumtəhsil Azərbaycan məktəbi də yaradılıb. Bazar günləri məktəbləri ilə gələcəkdə anılması nəzərdə tutulur. Ancaq bu istiqamətdə də problemlər var. İlk növbədə olaraq Rusiyada azərbaycanlı şagirdlərə ana dilində dərs deyən müəllimlərin professional səviyyəsi aşağıdır. Dərs vəsaitləri azlıq təşkil edir. Azərbaycan tarixi dili və ədəbiyyatı kitabları rus dilində köhnə nəşrlərdir. Düzdür, Azərbaycan təhsil nazirliyi bir neçə dəfə köməklik göstərməsinə baxmayaraq, bu kömək bütün vilayət və şəhərləri təmin edə bilmir.

Rüstəm İbrahimbəyov, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova adlı teatrlarımız fəaliyyət göstərdiyi Rusiyada soydaşlarımız mədəni kütləvi tədbirlərdə fəal iştirak edirlər.  Bu neçə dəfə Rusiya şəhərlərində təşkil olunan etiraz çıxışları ilə iştirakçıların sayı az olmuşdur. Rus polisi ilə toqquşmaq istəməyən leqal və qeyri-leqal şəkildə yaşayan azərbaycanlılar Rusiyanın bütün bazarlarında fəaliyyət göstərirlər. Gürcülər, ermənilər və çeçenlərdən fərqli olaraq kriminal işləri daxildə baş verən azərbaycanlılar yalnız ticari maraqlar güdürlər.  Kriminal zəmində baş verən hadisələrin əksəriyyəti elə azərbaycanlılar arasında baş verdiyindən rəsmi səviyyədə bu işlə məşğul olmaqda əminlik yaradır.

İlk zamanlar şəxsi mənafe Milli mənafelərdən üstün tutulma faktları ilə qarşılaşırdısa, indi bu neqativ cəhətlər olaraq qaldırılmaqdadır. Bəlli olub ki, Moskvada çalışan soydaşlarımızın 87 faizi yerli şəraitiə mümkün qədər tez uyğunlaşmağa, adaptasiya olmağa çalışır. Bunun üçün onlara Moskvada leqal yaşayıb işləmək, ən yaxşısı isə vətəndaşlıq almaq çox vacibdir. Çünki Rusiyada yalnız vətəndaşlıq pasportu hər addımbaşı milis tərəfindən saxlanıb təhqir olunmaq, döyülmək və ya soyulmaqdan xilas edir.  Azərbaycanlıların az qala hamısının Moskvada "pul qırmaları"na gəldikdə isə, bəlli olub ki, onların 12 faizi qazandığı pullarıny alnız yeməyə çatdığını deyib. 2 faiz isə qazandığı pulu heç yeməyə çatdıra bilmir. Soydaşlarımızın 68 faizi Moskvada orta aylıq əməkhaqqı səviyyəsində pu əldə edir. Di gəl, onların iş həftəsi nə 40, nə də 50 saatdır: həftənin 6 gününü onlar səhər saat 06.00-dan gecə saat 23.00-dək işləyirlər. Rəsmi statistikaya görə Rusiyada 1 milyondan artıq, qeyri-rəsmi rəqəmlərə görə isə, 2 milyondan çox azərbaycanlı yaşayır. Onların çoxu əməkçi miqrantlar hesab olunur. Soydaşlarımızın əksər qismi tanışları vasitəsilə müəyyən fəaliyyətə, əksərən bazarlarda ticarət işlərinə başlayırlar. Bir qism isə əlacsızlıqdan müxtəlif yollara düşür, kriminal qruplaşmalara qoşulur.  Azərbaycanlılar Moskvada baha qiymətə - 500-700 ABŞ dollarına kirayə qalırlar.

Bu səbəbdən azərbaycanlılar kollektiv şəkildə ev kirayələməyə məcbur olurlar.  Yeni qərara əsasən, Azərbaycan vətəndaşları Rusiyada 3 aydan artıq qala bilməzlər. Bu səbəbdən soydaşlarımız hər 3 ayın tamamında nəqliyyat xərclərinin Azərbaycanla müqayisədə ucuz olduğu Türkiyəyə, Ukraynaya və Polşaya gedib-qayıdırlar. Bu ölkələrdə onların pasportuna giriş-çıxış möhürü vurulur və soydaşlarımız yenidən 3 aylıq Rusiya həyatına başlayırlar. Müstəqil Azərbaycanının qüdrətli olması naminə nə qədər yaxşı işlər görülübsə, onları daha da artırmaq lazımdır.

Gərək məsuliyyət daşıyan bütün azərbaycanlılar inansınlar ki, insan vətənsiz yaşaya bilməz və boş hay-küy salmaqla da vətənpərvərlik bəlli olmaz. Bizdə təbliğatın gücü təəssüf ki, azdır. Ermənilərin əli ilə başımıza bu boyda bəla gətirsələr də, baş verənləri dünyanın qulağına gec çatdıra bilmişik. Əgər diasporamız müstəqil dövlətimizin güclənməsini istəyirsə, öz milli varlığını əks etdirən ənənəsini, dilini düşmənin qabağında qoruyub saxlamalıdır. Çünki heç bir silah dil kimi güclü deyil. Hər silahı əldən almaq mümkün olsa da, dil silahını-ana məhəbbətindən ilham alan dili düşmən heç vaxt əldən ala bilməz. Bu dili qorumaqdan ötrü Azərbaycan dövləti də soydaşlarımızın yaşadıqları ölkələrə dərsliklər, müəllimlər göndərməlidir. Bax, bizim diasporanın başqa diasporalardan fərqi məhz budur.  Azərbaycan diasporu Rusiyanın nüfuzlu siyasi partiyaları ilə əməkdaşlıq edir.

 Bunlardan "Edinstvo"; «Demokratiçeskaə Partiə Rossii» "Dviceniə Rossii" - partiyaları ilə Azərbaycanın diaspor təşkilatları arasında müqavilələr imzalanıb və əməkdaşlıq yolları işlənib hazırlanıb. Hazırda Rusiyada yaşayan azərbaycanlıların sayı artmaqdadır. Bunun səbəbi iqtisadi səbəbdən Rusiyaya mühacirət edən Azərbaycan vətəndaşlarıdır. Onlar əsasən əmək xarakterli mühacirəti etsələr də təhsil almaq üçün Rusiyaya köçən gənclərimiz də sayca üstünlük təşkil edir. Rusiyada təhsil alan azərbaycanlı tələbələr siyasi və ictimai fəaliyyətlərinə görə daha fəaldırlar. Onların ictimai fəaliyyəti təhsil aldıqları ali məktəblərdə daha diqqəti cəlb edir. www.azerbaican.ru  - internet səhifəsini yaradan azərbaycanlı tələbələr elektronpoçt ünvanları qrupu yaradaraq, bir-birlərilə intensiv əlaqə saxlayırlar. 

Göründüyü kimi Rusiyada Azərbaycan diasporu bütün çətinliklərə baxmayaraq, təşkilatlanmaqda və ictimai fəaliyyəti passiv şəkildə  aparmaqdadırlar. Diasporda olan siyasi fikir ayrılıqları olmasına baxmayaraq, bəzi prinsip məsələlərdə soydaşlarımız ümumi dil tapa bilirlər. Bu onu göstərir ki, gələcəkdə Rusiyadakı Azərbaycan diasporu daha güclü və aktiv fəaliyyət göstərəcək.

Baxış sayı: 169
Açar sözlər:
Bookmark and Share


1

Sankt-Peterburqda, Azərbaycan gənclər cəmiyyəti adlanan təşkilat da var. 2002-ci ildən bəri fəaliyyət göstərir. Ümumiyyətlə Sankt-Peterburqda diaspora işləri ilə bağlı hansısa bir məlumat lazım olsa, mənə xəbər edin imkan daxilində kömək eləməyə hazıram. E-mail ünvanım budur: hasanalizade@hotmail.com

Avqust 26, 2008 14:57

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 3
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 274
Ümumi hit: 51186

AddThis Feed Button
Add to Technorati Favorites