Azəri - Türk Qadınlar Birliyi sədrinin Azərbaycan diasporu haqqında mətbuata verdiyi açıqlamaların doğurduğu səs-küy hələ səngimək bilmir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri açıqlamaya öz münasibətlərini bildirir, bir-birləri ilə yazışırlar. Bu məsələ ilə bağlı ən çox yazışma isə azerbaycandiasporasi@googlegroups.com-da aparılır. Bəzi diaspor təşkilatlarının nümayəndələri bildirirlər ki, əslində tanınmayan təşkilatlar bu yazışmaları aparmaqla özlərini reklam etmək məqsədi güdürlər. Yəni onlar T.Rüstəmxanlının açıqlamasına münasibət bildirməklə və fikirlərini adıçəkilən qrupda yaymaqla özlərini tanıdırlar. Bir sözlə, bu açıqlamadan istifadə edirlər. Maraqlıdır ki, məsələnin üstündən xeyli vaxt keçsə də, yazışmalar davam edir. Xatırladaq ki, T.Rüstəmxanlı mətbuata açıqlamasında bildirmişdi ki, dövlətdən maddi yardım alan bir çox diaspor təşkilatları öz funksiyalarını yerinə yetirmirlər. Bəzi şəxslər bu vəsaitlərdən öz mənafeləri üçün istifadə edirlər.
Məsələn, Diaspor, İnformasiya və Araşdırma Mərkəzinin təmsilçisi Zaur Əliyev Amerika Azərbaycanlıları Cəmiyyətinə yazdığı məktubda dövlətdən maddi dəstək alan təşkilatların siyaıhısını göndərib: "Mənim müşahidələrimə görə, adını çəkəcəyim təşkilatlara Diasporla İş üzrə Dövlət Komitəsi və bəzi qurumlar dəstək olurlar. Bunlara Avropa Azərbaycanlıları Konqresi, Beniluks Azərbaycanlıları Konqresi, Umumrusiya Azərbaycanlıları Kongresi, Amerika Azərbaycanlıları Şəbəkəsi, Litva - Azərbaycan Assosiasiyası, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Norveç - Azərbaycan Gənclər Təşkilatı, FACE Strasburq, Centre de Diaspora Azerbaidyanais en France - CDAF, Turkiyə - Azərbaycan dərnəkləri federasiyası, Azəri - Çex Cəmiyyəti, Azərbaycan Cəmiyyətləri Federasiyası-Almaniya, Israil - Azərbaycan Beynəlxalq Cəmiyyəti, Kanada - Azərbaycan Əməkdaşlıq Assosiasiyası və adını yaza biləcəyim bir sira təşkilatları aid etmək olar. Bunlar mənim muşahidələrim ve monitorinqim nəticəsində əldə etdiyim nəticədir. Bunu təkzib edə də bilərlər".
Manisa Azərbaycan Mədəniyyət Dərnəyinin başqanı Seyfəddin Ayakyay isə T.Azəriyə yazdığı məktubda təklif edir ki, dövlətdən maddi yardım almayanlar "Biz almadıq" ifadəsini yazsınlar. O həmçinin əlavə edir ki, bu ifadəni yazmayanlar mütləq yardım alırlar: "Əgər kimsə dövlətdən pul alır və "biz almadıq" ifadəsini yazacaqsa, onu deşifrə edəcəyik". S.Ayakyay daha sonra yazır ki, Türkiyədə fəaliyyət göstərən Manisa - Azərbaycan Dərnəyinə Azərbaycan dövlətindən, Diasporla İş üzrə Dövlət Komitəsindən və ya Türkiyədəki Azərbaycan təşkilatlarından heç bir iş adı altında bir qəpik də daxil olmayıb: "Bundan sonra digər təşkilatların da yazmasını gözləyirəm".Məsələyə münasibət bildirən Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri isə diqqətə çatdırır ki, nə indi, nə də bundan sonra başqalarının işi ilə bağlı şərh vemək, münasibət açıqlamaq niyyətində deyil:
"Çünki nə gözümlə yardım aldıqlarını gördüm, nə də bu tipli işlərin içində oldum. Hamıdan da xahiş edirəm ki, əllərinizdə dəliliniz yoxsa, dərnəklərin arxasınca iftira atmayın. Hamı nəsə söyləyə bilər. Amma bu o demək deyil ki, söylənənlərin hamısı doğrudur. Hər eşitdiyinizə inanmayın. Əgər məndən soruşulacaq sözünüz varsa, bunu qrup şəklində yox, fərdi e-mail ünvanıma göndərin. Dərnəklərin haqsız yerə bölünməsinə yol vermək olmaz".Gördüyünüz kimi, məsələyə yanaşma müxtəlifdir. Əslində bütün diaspor təşkilatlarına qara yaxmaq da düzgün deyil. Amma hər hansı bir təşkilat T.Rüstəmxanlının dediyi kimi, Azərbaycanın haqq işinin dünyada təbliği və digər diaspor fəaliyyəti istiqamətində dövlətdən pul alıb və öz şəxsi mənafeləri üçün istifadə edirsə, əlbəttə, bu ciddi fəsadlara gətirib-çıxaracaq. Yəni dövlətdən pul almayıb, öz hesabına xalqı üçün iş görən diaspor nümayəndələri dövlətin mənafelərini öz hesabına xərcləyənlərlə bağlı məlumat aldıqda düşüncələrində hansı dəyişikliklərin yaranacağını təsəvvür etmək elə də çətin deyil. Burada ən ağrılı məqam isə milli məsələlər adı altında alınan maddi yardımın başqa istiqamətə xərclənməsidir.
Dünya Azərbaycanlıları Konqresi Strateyi Araşdırmalar Mərkəzinin başqanı Asif Qurbanov isə bildirib ki, 1991-ci ilə qədər dünyada Azərbaycan diasporunun fəaliyyəti mədəni və sosial yönümlü idi. Ancaq siyasi diasporumuz ən çox Dağlıq Qarabağ hadisələrindən sonra meydana gəlməyə başladı. Demək olar ki, bizim siyasi diasporumuzun uzun bir keçmişi yoxdur. Bu gün Azərbaycan diasporunun əsas hədəfi olan ermənilərin isə yüz ildən cox siyasi diaspor keçmişi vardır. Çünkü dünyada yəhudi soyqırımı qərarları veriləndən sonra ermənilərin diasporu türklərə qarşı soyqırım yalanları üzərinə siyasi diaspora üstünlük verdilər: "Hazırkı günümüzdə bizim diaspor istənilən səviyyədədirmi? Daha yaxşı olması üçün nə etmək lazımdır? Mənim bu məsələ ilə bağlı təkliflərim var. Diaspor komitəmiz öz çalışma sistemini təkrar gözdən keçirməlidir, xaricdəki diaspor təşkilatları Azərbaycanın daxili siyasətindən uzaq tutulmalıdır, diaspor təşkilatlarının iqtisadi qaynaqları cəhətdən təmin edilməlidir. Bu qaynaqların doğru yerlərdə xərçlənməsi üçün seçilən təşkilatlar dərindən araşdırılmalıdır.
Dünya ölkələrində fəaliyyəti olan iş adamlarımızın bu təşkilatlarla iş birliyi və əlaqələri gücləndirilməlidir". "Xüsusilə Rusiya və Ukrayna kimi köhnə sovet ölkələrində ermənilərlə oturub-duran diaspor içində yer alan insanların olduğunu eşitmişəm və birinə də şahid olmuşam" - deyən A.Qurbanov "bəzi insanlarımızda belə bir xəstəlik var ki, ermənilərlə keçmiş günlərini xatırlayıb yeyib-içib masa arxasında otururlar" deyə fikrini davam etdirdi. Onun sözlərinə görə, bu haqda məlumatlara malik olan Azərbaycan türkü bu insanların adlarını demirsə, o zaman Azərbaycana və onun diasporuna şübhə toxumları yarada bilər: "Bu məlumatlar ən qısa zamanda açıqlanmalıdır. Amma bu cür insanların adlarını da deyərkən ilk öncə sənədlərə əsaslanmaq lazımdır. Yoxsa mən eşitmişəm ki, hansısa bir şəxs ermənilərlə işbirliyi içindədir sözləri də diasporumuza mənfi mənada təsir göstərir. Yəni bu açıqlamalardan sonra pis niyyətli insanlar milli məsələdə fəaliyyət göstərən bir insanı ləkələyə bilər və bu bizim çox zərərimizədir. Sənədi olmayan fikirlərin ortada olması diasporumuza pul ayıran və diaspor təşkilatını dəstəkləyən insanlarımızı da şübhəyə düşürür. Bunlara diqqət etmək lazımdır. Dünya ölkələrində yaşayan insanlarımız o ölkələrin siyasətində, media şirkətlərində yer almalıdırlar və lobbiləşmənin formalaşmasında xidmət etməlidirlər".
Məsələylə bağlı açıqlama verən Z.Əliyev vurğuladı ki, faktları tam dəqiqləşdirəndən sonra dövlətdən pul alaraq, onu başqa istiqamətə xərcləyən təşkilatların tam siyahısını açıqlayacaq. Z.Əliyev həmçinin diqqətə çatdırdı ki, verdiyi ilkin siyahıda 17 təşkilatın adı var, onlardan 2-si bildirir ki, maliyyə yardımı almırlar: "Yəqin digərlərindən də cavab çıxacaq. Cavab çıxmasa, deməli, deyilənlərin doğruluğu təsdiqlənəcək. Maliyyə yardımı alınıb-alınmamasının heç bir problemi yoxdur. Sadəcə, müzakirələrdə üzə çıxdı ki, bəzi təşkilatlar dövlətdən maliyyə aldığı halda, bunu təkzib edirlər. Təbii ki, hər şey yaxşıdan ibarət olmur. Amma riyakarlıq edənlər də var. Heç bir iş görmədiyi halda, özlərini işləyən kimi göstərirlər. Yəni hazır bəy olmaq istəyənlərə qarşı çıxırıq. Mən konkret siyahı göndərmişəm. Digərləri isə ad çəkmək istəmirlər. Bu da şou-biznesdəki insanların bir-birlərini şifahi ittiham etməsinə bənzəyir. Burada Azərbaycanın milli dövlətçilik məsələsindən söhbət gedir. Ona görə də hələ müzakirələr aparırıq". Diasporla İş üzrə Dövlət Komitəsindən maliyyə vəsaiti alan təşkilatların siyahısını və onların fəaliyyətinə nəzarətin necə həyata keçirildiyini öyrənməyə çalışsaq da, sualımıza cavab verən tapılmadı. Komitədə aparıcı-mütəxəssis işləyən Xəyalə Mahmudova diqqətə çatdırdı ki, aparat rəhbərliyinin hamısı Frankfurtda ezamiyyətdədir: "Elşad Miraləm isə məzuniyyətdədir. İşçilərimiz hər zaman yerində olublar. Bu suallara Təbliğat, infomasiya və analiitk təhlil şöbəsi cavab verməlidir. Bu şöbənin əməkdaşalrı isə hamısı Almaniyadadır. Onlar noyabrın 23-də Bakıya dönəcəklər".


